AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASININ SƏDRİ, MİLLİ MƏCLİSİN DEPUTATI SƏTTAR MEHBALIYEVİN ÇIXIŞI
Hörmətli qeyri-hökumət təşkilatlarının rəhbərləri!Hörmətli qonaqlar!Xanımlar və cənablar!Doğrudan da bu gün bizim təsis konfransımız çox uğurla davam edir. Mən bu ictimai hərəkatın yaranması haqqında qısa məlumat vermək istəyirəm. 2003-cü il iyulun 1-də bir qrup qeyri-hökumət və ictimai təşkilatlar, birliklər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binasında bir yerə toplaşıb müstəqil Azərbaycanımız naminə belə bir hərəkat yaratmağa təşəbbüs göstərmişdilər. Bu, təşəbbüs yüksək qiymətləndirildi və bu gün sizinlə birlikdə ictimai hərəkatı təsis edirik. Hörmətli konfrans iştirakçıları, bilirsiniz ki, 2003-cü il fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayı keçirilmişdir. Bu qurultayda ilk dəfə olaraq bütün sahə həmkarlar ittifaqlarının tələbi ilə ölkəmizin Prezidenti cənab Heydər Əliyevin namizədliyi irəli sürülmüşdür. Onu da deyim ki, təkcə bizim qurultayda deyil, həmin qurltaya qədər bütün sahə həmkarlar ittifaqlarında cənab Heydər Əliyevin namizədliyi irəli sürülmüşdü. Odur ki, qurultay nümayəndələri tələb edirdilər ki, Konfederasiyanın qurultayında biz bu məsələyə yenidən baxaq və qərar qəbul edək. Bildiyiniz kimi, bu qərar yüksək səviyyədə qəbul olundu. Bu addımdan sonra əksər qeyri-hökumət təşkilatları, ictimai birliklər özlərinin məclis və konfranslarında bizim təşəbbüsə qoşulmaq üçün qərarlar qəbul etmişlər.Hörmətli toplantı iştirakçıları!Cənab Heydər Əliyev haqqında saatlarla, günlərlə,həftələrlə danışmaq olar. Onun gördüyü işlər, apardığı iqtisadi islahatlar, daxili və xarici siyasət məktəblidən tutmuş ahıl insanlara qədər hamıya məlumdur. Bu gün Azərbaycanda Heydər Əliyevin alternativi yoxdur. Bunu birdəfəlik bilməlidirlər. Əgər bu gün alternativlər yaranırsa, bu, dövlətimizin başçısının yaratdığı demokratiyanın təcəssümüdür. Söz azadlığını da, demokratiyanı da Azərbaycan dövlətinə bəxş edən cənab Heydər Əliyevdir. Burada qeyd etdilər, cənab Heydər Əliyev Azərbaycana yenidən rəhbərliyə gələndən beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə rəy sorğuları keçirilmişdir. Hər dəfə sorğuda Heydər Əliyev 80-85 faiz yüksəkdə olub. Son iqtisadi islahatlara nəzər salın. Adambaşına düşən ümumdaxili məhsul hər il 9-10 faiz artıbdır. Pensiyalar artırılıb, dövlət büdcəsindən maliyyələşən təşkilatların işçilərinin əmək haqqı artırılıb. Yaxınlarda yeni qərarlar qəbul olunacaqdır. Bu onu göstərir ki, ölkəmizin Prezidenti dövlət büdcəsində müəyyən imkanlar yarandıqca, bu imkanları xalqın, insanların, büdcədən maliyyələşən işçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldibdir. Belə fikirləşirəm ki, öz xalqını, millətini, vətənini Heydər Əliyev qədər sevən ikinci bir şəxs yoxdur. Bunu hamı bilir, bütün Azərbaycan xalqı bilir. Biz cənab Heydər Əliyevin namizədliyini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 1 milyon 569 min üzvü adından irəli sürmüşük. Burada əsas məqsədimiz ondan ibarətdir ki, düzgün seçki kampaniyası aparaq, təbliğat işlərini düzgün quraq. Burada əyləşən hər bir şəxs fərdi qaydada iş aparmalıdır, Cənab Heydər Əliyevin gördüyü işlərin əhəmiyyətini izah etmək, əhalinin diqqətinə çatdırmaq lazımdır. Biz bu barədə düşünməliyik, işimizi elə qurmalıyıq, elə aparmalıyıq ki, Azərbaycanda şəffaf, demokratik seçkilər keçirilsin. Həqiqətən də sizin, bizim köməyimizlə Azərbaycanda demokratik seçkilər keçiriləcəkdir. İndiyə qədər belə olub, bundan sonra da belə olacaqdır. Bütün beynəlxalq təşkilatlar bundan məmnun olacaqlar ki, Azərbaycanda demokratik seçkilər keçirilmişdir.Yaratdığımız bu ictimai hərəkat Azərbaycanda tarixi şərəfli yolunu tapmalıdır, inkişaf etməlidir, onun strukturu genişlənməlidir. Ölkəmizə təzyiqlər olarsa, təşkilatımız öz sözünü deməyə qadir olmalıdır. Sizin hamınıza uğurlar diləyirəm. Əminik ki, qarşıdan gələn prezident seçkiləri uğurla başa çatacaq və namizədimiz xalqımızın yekdil iradəsi ilə qələbə çalacaqdır. Diqqətinizə görə sağ olun.