Azərbaycan hökumətinin iqlim dəyişikliyində ekosistemə kompleks yanaşması yüksək qiymətləndirilib
Tbilisi, 18 aprel, AZƏRTAC
Tbilisidə “İqlim dəyişikliklərində ekosistemə əsaslı yanaşma” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycanda həyata keçirilən “Cənubi Qafqazda otlaq və meşə resurslarının səmərəli istifadəsi” layihəsi təqdim olunub.
Bildirilib ki, BMT İnkişaf Proqramının bu layihəsi Azərbaycan hökumətinin razılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə reallaşıb. Layihə çərçivəsində Azərbaycanın İsmayıllı və Şamaxı bölgələrində, xüsusən də torpaq sürüşmələrinin qeydə alındığı ərazilərdə 200 hektara yaxın ərazidə meşə salınıb, 70 minə yaxın ağac əkilib, 20 hektara yaxın sahədə toxum səpilib. Yaylaq ərazilərində təhqiqat işləri aparılıb.
Çıxışlarda layihənin əhəmiyyəti vurğulanıb, ölkəmizdə otlaq və meşə resurslarının səmərəli istifadəsinə xüsusi diqqət yetirildiyi qeyd olunub, Azərbaycan hökumətinin iqlim dəyişikliyi zamanı ekosistemə kompleks yanaşması yüksək qiymətləndirilib.
Konfransda dünyada baş verən texnogen hadisələrin iqlimə təsiri, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması, bu sahədə beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub. Müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda ekoloji tarazlığın qorunması istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışılıb.
Ondan çox ölkənin mütəxəssislərinin iştirak etdikləri tədbirdə ölkəmizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin əməkdaşları təmsil ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi