Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır
Bakı, 1 dekabr (AZƏRTAC). Dekabrın 1-i Dünya QİÇS-lə Mübarizə Günüdür.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar “Park Bulvar” əyləncə və istirahət mərkəzində Səhiyyə Nazirliyinin respublika QİÇS-lə Mübarizə Mərkəzi və Gənclər və İdman Nazirliyi birgə ənənəvi mətbuat konfransı keçirmişlər. Qeyd olunmuşdur ki, Dünya QİÇS-lə Mübarizə Günü BMT-nin təşəbbüsü ilə 2011-ci ildən başlayaraq “Sıfır məqsədini əldə etməyə doğru” süarı altında keçirilir. Bu o deməkdir ki, hədəf yeni yoluxma hallarına, bu xəstəliyə tutulmuş insanlara qarşı ayrı-seçkiliyə və QİÇS ilə bağlı ölüm hallarına son qoymaqdır.
Dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biri olan İİV/QİÇS xəstəliyi haqqında məlumat verən respublika QİÇS ilə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova bildirmişdir ki, bu tarixi gün 1988-ci ildə bütün ölkələrin səhiyyə nazirlərinin görüşündə təsis olunmuşdur. QİÇS ilə Mübarizə Gününün qeyd olunması dünyada geniş yayılan bu təhlükəli xəstəliklə mübarizə üzrə səylərin gücləndirilməsinə xidmət edir.
BMT-nin İİV/QİÇS üzrə birləşmiş proqramının (UNAİDS) bu il noyabrın 20-də dərc etdiyi hesabatı diqqətə çatdıran E.Alməmmədova demişdir ki, 2013-cü ildə QİÇS pandemiyasının qarşısının alınmasında bir sıra nailiyyətlər əldə edilmişdir. Görülmüş tədbirlər nəticəsində dünyada 2005-ci illə müqayisədə QİÇS ilə bağlı ölüm hallarının sayı 29 faiz azalmışdır.
E.Alməmmədova bildirmişdir ki, dünya miqyasında 2013-cü il ərzində 2001-ci illə müqayisədə böyüklər və yeniyetmələr arasında İİV-ə yeni yoluxma halları 33 faiz, uşaqlar arasında isə 52 faiz aşağı düşmüşdür. Bununla belə, Şərqi Avropa və Mərkəzi Asiyada yoluxma halları 2006-cı ildən bəri 13 faiz, Şimali Afrikada isə 2001-ci ildən bəri iki dəfə artmışdır. Ötən il dünyada İİV-lə yaşayan insanların sayı 35,3 milyon təşkil etmişdir ki, onlardan 17,7 milyonu qadın, 3,3 milyonu uşaqdır.
Ölkəmizdə İİV/QİÇS probleminin daim Səhiyyə Nazirliyinin diqqətində olduğunu söyləyən E.Alməmmədova vurğulamışdır ki, Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və bu xəstəlik əsasən yüksək risk qrupuna aid olan narkotik istifadəçiləri arasında yayılmışdır. Məlumat verilmişdir ki, 2013-cü ilin 11 ayı ərzində 450 yeni İİV-ə yoluxma faktı aşkarlanmışdır. Yoluxanlardan 435-i Azərbaycan vətəndaşı, 15 nəfəri isə əcnəbidir. Qeydiyyata alınmış ölkə vətəndaşından 279-u kişi, 156-sı qadındır.
Diqqətə çatdırılmışdır ki, 1987-ci ildən 2013-cü il dekabrın 1-dək QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 4 min 234 şəxs rəsmi qeydiyyata götürülmüşdür. Onların 4090 nəfəri Azərbaycan vətəndaşı, 144-ü isə əcnəbilərdir. İİV-ə yoluxmuş vətəndaşlardan 3202-si kişi, 888-i qadındır. Ölkəmizdə İİV infeksiyasından 580 nəfər, o cümlədən 572 Azərbaycan vətəndaşı dünyasını dəyişmişdir.
Tədbirdə əhali arasında vaxtaşırı maarifləndirmə tədbirlərinin keçirildiyi, İİV/QİÇS problemi üzrə beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirildiyi qeyd edilmişdir. Vurğulanmışdır ki, Səhiyyə Nazirliyinin dəstəyi ilə antiretrovirus terapiyaya hazırda İİV-lə yaşayan 1682 şəxs cəlb olunmuş, 381 nəfərin müalicəsinə başlanılmışdır.