AZƏRBAYCAN İLƏ ALMANİYA ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Səmimi qəbula görə təşəkkürünü bildirən diplomat Azərbaycanda səfir təyin edilməsindən məmnunluğunu söyləmiş, etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim etmiş, ölkələrimiz arasında münasibətlərin daha da inkişafı üçün bütün imkanlarından istifadə edəcəyini diqqətə çatdırmışdır.
Nazir E.Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik etmiş və ölkələrimizin inkişafında hərtərəfli əlaqələrinin genişləndirilməsi işində diplomata uğurlar arzulamışdır.
Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində qazandığı böyük uğurları səfirin diqqətinə çatdıran nazir, ölkəmizin regionda həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələrindən söz açmış, onların əhalinin rifahının yaxşılaşdırılmasındakı əhəmiyyətindən danışmışdır. Ölkələrimiz arasında ticarət dövriyyəsinin inkişaf dinamikasından məmnun qaldığını bildirən nazir E.Məmmədyarov, Azərbaycanda neft sənayesi ilə yanaşı, qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının tərəqqisinin üstün istiqamət olduğunu vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesinə toxunan nazir, problemin beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində və ölkəmizin ərazi bütövlüyü əsasında həll edilməsinin vacibliyini diqqətə çatdırmış, səfirə fəaliyyətində uğurlar arzulamışdır.