AZƏRBAYCAN İLƏ ALMANİYA ARASINDAƏLAQƏLƏR İNKİŞAF EDİR
Oqtay Əsədov səfiri Bakıda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik etmiş və ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi işində ona uğurlar arzulamışdır. Milli Məclisin sədri ölkələrimiz arasındakı dostluq münasibətlərinin tarixindən danışmış, Prezident İlham Əliyevin 2004-cü ildə Almaniyaya səfərindən sonra əlaqələrimizin inkişafında yeni mərhələ başlandığını bildirmişdir. O demişdir ki, parlamentarilərimiz də bu fürsətdən istifadə edərək əlaqələri genişləndirirlər. Milli Məclisdə Almaniya Bundestaqı ilə dostluq qrupu vardır və bu qrup münasibətlərimizin möhkəmlənməsində mühüm rol oynayır. Qarşılıqlı səfərlərimiz zamanı aparılan danışıqlar, təcrübə mübadiləsi əlaqələrimizdə böyük rol oynayır. Deputatlarımız beynəlxalq tədbirlərdə çox vaxt eyni mövqedən çıxış edirlər. Bu da münasibətlərimizin yaxınlığına sübutdur.
Oqtay Əsədov bildirmişdir ki, ölkələrimiz arasında iqtisadi əlaqələr də genişlənir. 2006-cı ilin 10 ayında ticarət dövriyyəmiz 288 milyon dollar təşkil etmişdir. Bu da 2005-ci illə müqayisədə 43 faiz çoxdur və hesab edirik ki, bu, son hədd deyildir və rəqəm yaxın vaxtlarda daha da artacaqdır. Azərbaycanda əlverişli investisiya mühiti vardır və alman iş adamları iqtisadiyyatımızın müxtəlif sahələrinə sərmayə qoya bilərlər.
Sonra Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat vermiş, Ermənistanın başladığı bu münaqişənin təkcə region üçün deyil, həm də Avropa üçün təhlükə mənbəyi olduğunu diqqətə çatdırmışdır. Oqtay Əsədov problemin həlli ilə bağlı nümayiş etdirdiyi mövqeyə və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə, Almaniya dövlətinə minnətdarlığını bildirmişdir.
Səfir Per Kristofer Stançina ətraflı məlumata görə minnətdarlığını bildirmişdir. Diplomat demişdir ki, Azərbaycanın dinamik inkişafı, Avropaya inteqrasiyası diqqət mərkəzindədir. Almaniya sürətlə inkişaf edən Azərbaycanla əlaqələrin möhkəmlənməsində maraqlıdır. Səfir əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu və fəaliyyəti dövründə bunun üçün əlindən gələni edəcəyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətafında geniş fikir mübadiləsi aparılmışdır.