Azərbaycan ilə Belarus arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Minsk, 1 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfiri Lətif Qəndilov Belarus Dövlət Universitetinin yeni təyin olunmuş rektoru Andrey Korol ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Belarus arasında təhsil sahəsində, o cümlədən tələbə-müəllim mübadiləsi, aspirantura və doktorantura sahəsində əməkdaşlığın inkişafı, fundamental elm sahəsində birgə tədqiqatların aparılması və Bakı Dövlət Universiteti ilə Belarus Dövlət Universiteti arasında mövcud əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.
Səfir L.Qəndilov yeni təyinatı münasibətilə A.Korolu təbrik edərək ona işlərində uğurlar arzu edib. O qeyd edib ki, ölkələrimizin əsas aparıcı universitetləri arasında əməkdaşlıq ənənəvi xarakter daşıyır və bu əlaqələrin bundan sonra da genişləndiriləcəyinə şübhə yoxdur. Səfir Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun təbrik və salamlarını A.Korola çatdıraraq onu Bakı Dövlət Universitetinin 2019-cu ildə keçiriləcək 100 illik yubileyinə dəvət edib.
A.Korol səmimi təbrikə və dəvətə görə səfirə təşəkkürlərini bildirərək, Bakı Dövlət Universiteti ilə rəhbərlik etdiyi universitet arasında əməkdaşlıqdan məmnun olduqlarını və bu münasibətlərin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk