Azərbaycan ilə Belarus arasında vergi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir
Bakı, 21 noyabr (AZƏRTAC). Azərbaycanın vergilər naziri Fazil Məmmədov Belarusun vergilər naziri Vladimir Poluyan ilə görüşmüşdür.
Azərbaycan Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə iki ölkə arasında vergi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir.
Azərbaycan ilə Belarusun dostluq münasibətlərinin yüksək templə inkişaf etdiyini vurğulayan F.Məmmədov qeyd etmişdir ki, son illər yüksək iqtisadi inkişafa nail olan Azərbaycanla böyük sənaye potensialına malik Belarus arasında bir çox sahələr üzrə geniş əməkdaşlıq imkanları mövcuddur.
F.Məmmədov Azərbaycanın vergi xidmətində aparılan islahatlar, vergi inzibatçılığı və informasiya texnologiyalarının tətbiqi sahəsində əldə edilən nailiyyətlər barədə qonağa məlumat vermiş, ölkəmizdə beynəlxalq təcrübəyə əsaslanan müasir innovativ vergi inzibatçılığının qurulması istiqamətində məqsədyönlü işlər aparıldığını diqqətə çatdırmışdır.
Vladimir Poluyan Azərbaycanın vergi xidmətinin əldə etdiyi nailiyyətləri izlədiklərini, bir sıra sahələrdə təcrübə mübadiləsi aparılmasında, ölkəmizdə tətbiq edilən innovativ yeniliklərin öyrənilməsində maraqlı olduqlarını vurğulamışdır. V.Poluyan dövlət qurumları arasında ikitərəfli əlaqələrin genişləndirilməsini, məlumat və təcrübə mübadiləsini, gələcəkdə qarşılıqlı maraq kəsb edən layihələrin həyata keçirilməsini vacib hesab etdiyini bildirmişdir.
Görüşdən sonra V.Poluyan Azərbaycan Respublikası Vergilər Nazirliyinin server mərkəzi ilə tanış olmuşdur.