SİYASƏT
Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası əlaqələrin perspektivləri müzakirə olunub
Tbilisi, 6 may, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin parlamentinin sədr müavini Levan İoseliani ilə görüşüb.
Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.
Bildirilib ki, L.İoseliani Gürcüstan ilə Azərbaycan arasında möhkəm zəmin üzərində inkişaf edən strateji tərəfdaşlıq əlaqələrinin vacibliyini qeyd edib. O, bu istiqamətdə parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayıb, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın Gürcüstana etdiyi son rəsmi səfəri təqdir edib.
Ölkəmizin ünvanına söylənilən xoş sözlərə görə təşəkkür edən səfir F.Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin qonşu Gürcüstanla strateji tərəfdaşlıq münasibətlərimizin təşviq edilməsinə xüsusi diqqət yetirdiyini bildirib. Diplomat, dövlətimizin atdığı bütün addımların bu qəti mövqeyə əyani sübut olduğunu qeyd edib.
Səfir, həmçinin Cənubi Qafqaz bölgəsində ümumi sülh və qarşılıqlı faydalı əməkdaşlıq abı-havasının bərqərar olunmasının vacibliyini qeyd edib, Gürcüstan Hökumətinin bu istiqamətdə göstərdiyi təşəbbüsləri təqdir edib.
Söhbət zamanı tərəflər iki ölkənin parlamentləri səviyyəsində fəal əməkdaşlığın, o cümlədən beynəlxalq platformalarda həmrəyliyin və müxtəlif konkret istiqamətlər üzrə tərəfdaşlığın vacibliyini vurğulayıblar.
Həmçinin görüş zamanı qarşılıqlı maraq doğuran beynəlxalq gündəliyin digər aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb, tərəflərin onlara dair ümumi təməl prinsiplərə əsaslanan yanaşma nümayiş etdirdiyi məmnuniyyətlə qeyd olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi