Azərbaycan ilə İordaniya arasında dostluq telləri möhkəmlənir
AZƏRTAC xəbər verir ki, Nəriman Əliyev xalqlarımız arasında tarixən mövcud olan dini və mənəvi bağlılığın köklərindən danışıb. Qeyd olunub ki, Azərbaycan hökuməti hər zaman İordaniya ilə əlaqələrin inkişafına xüsusi önəm verir.
Milli Məclisin deputatı bu münasibətlərin inkişafında Azərbaycanın və İordaniyanın dövlət başçıları arasındakı dostluq və həmrəyliyin böyük rolu olduğunu vurğulayıb. Parlamentlərarası münasibətlərin perspektivlərinə toxunan işçi qrupunun rəhbəri bildirib ki, indiyədək ölkələrimiz arasında 40-dan artıq vacib sənəd imzalanıb. O, hər iki ölkənin nümayəndə heyətlərinin İslam Əməkdaşlıq Təşkilatında uğurlu fəaliyyətindən söz açıb.
Qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu barədə məlumat verən deputat vurğulayıb ki, Azərbaycan bu münaqişədə çox itkilər verib. Ermənistan silahlı qüvvələri Azərbaycanın 20 faiz torpaqlarını hələ də işğal altında saxlayır. Azərbaycan regionun təhlükəsizliyini təhdid altında saxlayan bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun şəkildə, ədalətli həll olunmasına tərəfdardır.
Hazem Qaşun bütün dünya müsəlmanlarının qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. O da öz növbəsində İordaniya hökuməti və dövlətinin Azərbaycan ilə münasibətlərin inkişafında maraqlı olduğunu söyləyib. Qeyd edilib ki, xalqlarımız arasında münasibətlərin təməli çox möhkəmdir. İordaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyan ilk ölkələrdəndir. O, iqtisadi əlaqələrin daha da gücləndirilməsinin, parlamentarilər arasında qarşılıqlı səfərlərin intensiv hal almasının zəruriliyini vurğulayıb.
IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizə gəldiyini deyən Hazem Qaşun Azərbaycan Prezidenti İlham Əliyevin Forumdakı dərin məzmunlu nitqinin böyük maraqla qarşılandığını, Dağlıq Qarabağ probleminin tezliklə beynəlxalq hüquq normaları, ədalət prinsipləri çərçivəsində öz həllini tapacağına ümidvar olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycan-İordaniya əlaqələrinin perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.