AZƏRBAYCAN İLƏ İORDANİYA ARASINDA ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİ İMKANLARI MÜZAKİRƏ EDİLMİŞDİR
Görüşdə Yaxın Şərqdəki vəziyyət, eləcə də İraqdakı son durum ətrafında fikir mübadiləsi aparılmış, beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin artırılması, İslam Konfransı Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd edilmişdir. Eyni zamanda, İslam dəyərlərinin digər sivilizasiyalar qarşısında yüksək səviyyədə təmsil olunmasını təmin etmək məqsədi ilə əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə daha da gücləndirilməsinin zəruriliyi ifadə olunmuşdur.
İordaniya kralı II Abdullanın cari ilin avqustunda Azərbaycana rəsmi səfərindən sonra ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi məmnuniyyətlə ifadə edilmişdir.
Ölkələrimiz arasında yüksək səviyyədə olan siyasi əlaqələri sosial-iqtisadi müstəviyə yönəltmək barədə dövlətlərimizin başçılarının göstərişlərinin yerinə yetirilməsi məqsədi ilə yaxın vaxtlarda iş adamlarının, ticarət və iqtisadiyyat sahəsində fəaliyyət göstərən təşkilatların görüşlərinin keçirilməsi təklifi İordaniya xarici siyasət idarəsinin rəhbəri tərəfindən müsbət qarşılanmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.