Azərbaycan ilə İordaniya arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı yolları müzakirə olunub
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycanın İordaniyadakı səfiri Rasim Rzayev aprelin 18-də İordaniya Senatının sədri Feysal Akif Fayez ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, F.A.Fayez aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb, bu münasibətlə Kral II Abdullahın dövlətimizin başçısına ünvanladığı təbrik məktubunun əhəmiyyətini vurğulayıb. İordaniya-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu ifadə edən Senat sədri Kral II Abdullah ilə Prezident İlham Əliyev arasındakı şəxsi dostluq əlaqələrinin ikitərəfli münasibətlərə müsbət təsirini xüsusi qeyd edib. O, ötən ilin mart ayında Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olduğunu, səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovla görüşünü məmnunluqla xatırlayıb.
Sədr Yaxın Şərq regionunda baş verən gərgin siyasi proseslər, xüsusilə 1 milyon 300 min suriyalı qaçqının İordaniyada məskunlaşması, İraq və Suriya ilə ənənəvi ticarət əlaqələrinin kəsilməsi səbəbindən İordaniyanın qarşılaşdığı iqtisadi çətinliklər barədə məlumat verib və ölkəsinin investisiya qoyuluşuna ehtiyacı olduğunu diqqətə çatdırıb.
Səfir R.Rzayev təbriklərə və xoş sözlərə görə minnətdarlığını ifadə edərək, Azərbaycan tərəfinin də İordaniya ilə dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib, iki ölkə arasında qarşılıqlı investisiya qoyuluşunu, ticarət əlaqələrinin gücləndirilməsini, Bakı ilə Əmman arasında birbaşa hava xəttinin açılmasını, turizm, təhsil və digər sahələrdəki mövcud əməkdaşlıq imkanlarından daha səmərəli istifadəni vacib hesab edib.
Görüşdə 2018-ci ilin birinci rübündə Azərbaycan-İordaniya dostluq və əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar dövlət başçıları və xarici işlər nazirləri arasında təbrik məktubu mübadilələrinin ikitərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyəti vurğulanıb. Fevral ayında Əmmanda keçirilmiş Hökumətlərarası Müştərək Komissiyanın üçüncü iclası çərçivəsində imzalanan protokoldan irəli gələn tələblər, ikitərəfli əməkdaşlıq zəminində qarşıda duran məsələlər barədə fikir mübadiləsi aparılıb. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın səviyyəsindən söhbət açılıb, Azərbaycanın “Expo-2025”-ə ev sahibliyi etməsi üçün namizədliyinin İordaniya tərəfindən dəstəklənəcəyinə ümid ifadə edilib.
Səfir R.Rzayev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, 2018-ci ilin ölkəmizdə “Cümhuriyyət İli” elan edilməsi barədə məlumat verib və bu münasibətlə keçiriləcək təntənəli tədbirdə iştirakla bağlı dəvət məktubunu təqdim edib.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın həyata keçirdiyi təcavüzkarlıq və etnik təmizləmə siyasəti, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları, Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğal olunduğu, işğal nəticəsində bir milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü barədə qarşı tərəfə ətraflı məlumat verilib, münaqişə ilə bağlı İordaniyanın ədalətli və sabit mövqeyinə, İordaniya Senatının Xocalı soyqırımının tanınması ilə bağlı qəbul etdiyi sənədə görə minnətdarlıq ifadə edilib. İordaniya Senatındakı İordaniya-Azərbaycan Qardaşlıq Komitəsi adından hər il Xocalı soyqırımı günü yerli mətbuata bəyanat verilməsi barədə razılıq əldə olunub.