AZƏRBAYCAN İLƏ NİDERLAND ARASINDA BÜTÜN İSTİQAMƏTLƏRDƏ ƏLAQƏLƏR GENİŞLƏNDİRİLİR
AZƏRTAC xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığı Ədliyyə Nazirliyinin baş katibi Yoris Demminkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Niderlandda Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının ikitərəfli əlaqələrdə yeni imkanlar açdığını bildirən nazir E.Məmmədyarov əməkdaşlığın daha da dərinləşdirilməsi üçün qarşı tərəfin Bakıda diplomatik nümayəndəliyinin olmasının vacibliyini vurğulamışdır.
Y.Demmink bu fikirlə razılaşaraq bütün istiqamətlərdə əlaqələri genişləndirməyə ehtiyac olduğunu bildirmiş, səfərinin məqsədinin iki dövlətin miqrasiya və sərhəd xidmətləri arasında əməkdaşlığın qurulması imkanlarını öyrənmək olduğunu diqqətə çatdırmışdır. Bu baxımdan azərbaycanlı həmkarları ilə əlaqələr yaratmaq, təcrübə mübadiləsi aparmaq, yerli hakimlər üçün təlimlərin təşkilinə dair təkliflərini irəli sürmüşdür.
Nazir E.Məmmədyarov Avropaya inteqrasiya edən gənc demokratik ölkə olan Azərbaycanın Niderlandın təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirmiş, iqtisadi yüksəlişlə əlaqədar respublikamıza da miqrantların axınının artdığını qeyd etmişdir.
Nazir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat vermiş, işğalın və etnik təmizləmənin beynəlxalq hüquqa zidd hərəkətlər olduğunu, Azərbaycanın etibarlı qonşuluq münasibətlərinə böyük əhəmiyyət verdiyini diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.