AZƏRBAYCAN İLƏ NİDERLAND ARASINDA HÜQUQİ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 23-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Niderland Krallığı Ədliyyə Nazirliyinin baş katibi Yoris Demminkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Azərbaycan ilə Niderland arasında dostluq əlaqələrini qeyd edən nazir F.Məmmədov 2002-ci ildə Niderlandın ədliyyə nazirinin dəvəti ilə bu ölkəyə səfərini və keçirilmiş faydalı görüşləri xatırladaraq, səfər çərçivəsində imzalanmış Anlaşma Memorandumunun dövlətlərimiz arasında hüquqi sahədə əməkdaşlığın qurulmasında rolunu vurğulamışdır. Nazir Azərbaycanda ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi, hakimliyə namizədlərin ən mütərəqqi və şəffaf üsullarla seçimi və tədrisindən danışaraq, niderlandlı nüfuzlu ekspertin tədris prosesində mühazirələrlə məzmunlu çıxışını məmnuniyyətlə vurğulamışdır.
Azərbaycanın regionda mövqeyinin möhkəmləndiyini vurğulayan qonaq, Niderlandın ölkəmizlə hüquqi sahədə əlaqələrin inkişaf etdirilməsinə önəm verərək, konkret tədbirləri həyata keçirmək niyyətində olduğunu bildirmişdir. Niderlandda da son zamanlar aparılan islahatlar barədə məlumat verən Y.Demmink, dövlətimizin hüquqi islahatların həyata keçirilməsində böyük nailiyyətlər əldə etdiyini xüsusi vurğulamış, ədliyyə fəaliyyətinin, o cümlədən penitensiar xidmətin müasirləşdirilməsi, bölgələrdə yeni cəzaçəkmə müəssisələri üçün müasir binaların inşası istiqamətindəki işləri yüksək qiymətləndirmişdir.
Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunmuş, Avropa Məhkəməsinin presedent hüququnun hakimlər tərəfindən mükəmməl öyrənilməsi və tətbiqi, inzibati məhkəmə sistemi, habelə məhkumların hüquqlarının qorunması, onların sosial adaptasiyası və digər maraq kəsb edən mövzulara dair faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.
######
![]() |
![]() |

