AZƏRBAYCAN İLƏ TÜRKİYƏNİN HƏRBİ ƏMƏKDAŞLIĞIDAHA DA GÜCLƏNDİRİLƏCƏKDİR
Müdafiə naziri ümummilli lider Heydər Əliyevin Azərbaycan ilə Türkiyənin dostluq və qardaşlığı haqqında dediyi məşhur “Bir millət, iki dövlət” kəlamını yada salaraq vurğulamışdır ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyə həmişə onun yanında olmuşdur.
Nazir Azərbaycan Silahlı Qüvvələrinin inkişafında və bugünkü səviyyəyə çatmasında Türkiyə Silahlı Qüvvələrinin yardımını xüsusi qeyd etmiş və buna görə qardaş ölkənin dövlət və ordu rəhbərliyinə minnətdarlığını bildirmişdir.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsi barədə ordu generalı İ.Koşanerlə ətraflı fikir mübadiləsi aparmışdır. Nazir işğalçılıq siyasəti aparmaqda Ermənistana yardım edən qüvvələrə bir daha xatırlatmışdır ki, bu, bəşəriyyət əleyhinə aparılan siyasətdir, Avropada və bütövlükdə dünyada sülhə və əmin-amanlığa böyük təhlükədir.
Müdafiə naziri bildirmişdir ki, Azərbaycan ilə Türkiyənin hərbi əməkdaşlığı bundan sonra daha da güclənməlidir və bunun üçün münbit zəmin vardır.
Ordu generalı İşık Koşaner üçüncü dəfə Bakıya səfər etdiyindən çox məmnun qaldığını bildirərək demişdir ki, elə başlanğıcdan Türkiyə Azərbaycanın yanındadır və bundan sonra da yanında olacaqdır.
Azərbaycan ilə Türkiyə arasında hərbi, siyasi və iqtisadi əlaqələrə toxunan ordu generalı qeyd etmişdir ki, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin istismara verilməsi bölgənin strateji əhəmiyyətini artırmışdır. Bu da həmin kəmərin mühafizəsini təşkil etmək üçün bizim daha da hazırlıqlı olmağımızı tələb edir. General demişdir: “İşğalçı Ermənistan Azərbaycan torpaqlarından getməyincə Türkiyənin bu ölkə ilə heç bir əlaqəsi ola bilməz”.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.