AZƏRBAYCAN-İORDANİYA BİZNES FORUMU
Forumun təşkilatçıları İqtisadi İnkişaf Naziriliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), İordaniya tərəfindən isə sənaye və ticarət palataları, İordaniya Biznesin İnkişafı Korporasiyası idi.
İordaniyadan 30, Azərbaycandan isə 50-dən çox iş adamının iştirak etdiyi forumda Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və İordaniya Krallığının Baş naziri Məruf əl-Bəxit çıxış etmişlər.
Azərbaycan hökumətinin İordaniya ilə bütün sahələrdə münasibətləri genişləndirmək istədiyini bildirən Y.Eyyubov bunun hər iki tərəf üçün faydalı olacağını vurğulamışdır.
İordaniya Kralı II Abdullanın bu ilin avqustunda Azərbaycana səfərindən sonra ölkələrimiz arasında əlaqələrdə inkişaf müşahidə olunduğunu xatırladan cənab Məruf əl-Bəxit, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğunu bildirmişdir.
İqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov və İordaniyanın sənaye və ticarət naziri Şərif Zubi hər iki ölkənin iqtisadiyyatı barədə məlumat vermiş, mümkün əməkdaşlıq istiqamətlərindən danışmışlar.
İordaniya İnşaat Şirkətləri Birliyinin təqdimatından sonra Azərbaycan Ticarət və Sənaye Palatası ilə İordaniyanın sənaye və ticarət palataları arasında, habelə AZPROMO ilə İordaniya Biznesin İnkişafı Korporasiyası arasında anlaşma memorandumları imzalanmışdır.
Sonra biznes forumu iş adamlarının ikitərəfli görüşləri ilə davam etmişdir.
Bakı İdman Sarayında bir neçə gün davam edəcək İordaniya məhsullarının nümayiş etdirildiyi sərgi də keçirilir.