Azərbaycan-İran əlaqələri regional əməkdaşlığa mühüm töhfələr verir
Ramsar, 5 aprel, AZƏRTAC
Azərbaycan-İran ikitərəfli münasibətləri bütün sahələrdə inkişaf edir. Ölkələrimiz arasında əlaqələr regional əməkdaşlığa mühüm töhfələr verir.
Bu fikirlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ramsar şəhərində iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşündə səslənib.
Görüşdə Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyətindən və inkişafından məmnunluq ifadə olunub. Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevralında İrana etdiyi səfərin əməkdaşlığın inkişafında mühüm addım olduğu vurğulanıb. Hər iki ölkə arasında əməkdaşlığın vacib komponenti olan nəqliyyat dəhlizlərinin, o cümlədən Şimal-Cənub dəmir yolu xəttinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin ikitərəfli və çoxtərəfli formatda Azərbaycan-İran əlaqələrinin regional əməkdaşlığa mühüm töhfələr verdiyi bildirilib. Bu xüsusda da aprelin 7-də Bakıda Azərbaycan-Rusiya-İran üçtərəfli formatında xarici işlər nazirləri səviyyəsində görüşün keçiriləcəyi qeyd olunub.
Cəbhədə yaranmış son vəziyyətlə əlaqədar ətraflı məlumat verən nazir Elmar Məmmədyarov bildirib ki, Ermənistan silahlı qüvvələri aprelin 2-də cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhalini hədəfə alaraq, Azərbaycan qoşunlarının təmas xətti boyunca mövqelərini ağır silahlardan intensiv atəşə tutub. Nazir əlavə edib ki, həmin gün saat 15:00-dan etibarən atəşkəsin başlanması barədə razılıq olsa da, Ermənistan tərəfi buna riayət etməyib. Eyni zamanda, aprelin 3-də Azərbaycan tərəfi xoşniyyət və sülhpərvər məramlardan çıxış edərək əks-həmlə və cavab tədbirlərini birtərəfli qaydada dayandırması barədə qərar versə də, Ermənistan artilleriya və digər ağır silahlarla Azərbaycan Ordusunun mövqelərini intensiv olaraq atəşə tutmaqda davam edib. Nazir deyib ki, Ermənistan beynəlxalq ictimaiyyəti aldadır, bütün vasitələrlə, o cümlədən gərginliyin yaradılması və saxlanılması ilə münaqişənin həllinin əsasını təşkil edən məsələlərdən diqqəti yayındırmağa və status-kvonu saxlamağa çalışır. Beynəlxalq ictimaiyyət Ermənistana ciddi təzyiq göstərməli, Ermənistanın təxribatları dayandırmasına və Azərbaycan ərazilərindən qoşunlarını çıxarmasına nail olunmalıdır. Azərbaycan atəşkəsin təmin edilməsi və münaqişənin həlli istiqamətində ciddi siyasi prosesin başlamasının tərəfdarıdır.
Nazir Məhəmməd Cavad Zərif yaranmış vəziyyətdən narahat olduqlarını bildirib. O əlavə edib ki, ölkəsinin Azərbaycanla çox yaxşı əlaqələri mövcuddur. Nazir Ermənistan tərəfindən atılan mərmilərdən birinin İran ərazisinə düşdüyü və bununla bağlı İranın müdafiə nazirinin hər iki ölkənin müdafiə nazirləri ilə danışıqlar apardığı barədə məlumat verib. O, İranın atəşkəsin tezliklə bərpa edilməsi və münaqişənin ən qısa müddətdə həllinə tərəfdar olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq kəsb edən regional məsələlər müzakirə olunub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Ramsar