Azərbaycan kuboku: 29 ildə 29-cu penaltilər seriyası
Bakı, 29 aprel, Nicat Məmmədov, AZƏRTAC
Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qarabağ” - “Sumqayıt” cütünün taleyi penaltilər seriyasında həll olunub.
AZƏRTAC xəbər verir ki, 0:0 hesabı ilə başa hər iki görüşün nəticəsinə görə təyin edilən penaltilər seriyasında sumqayıtlılar üstün olub - 5:4. Bu, təkcə cari mövsüm deyil, son 4 turnirdə ilk belə hadisədir. Azərbaycan kubokunda sonuncu dəfə penaltilər seriyası 2016-2017-ci il mövsümünə təsadüf edib. 2016-cı il dekabrın 3-də Qəbələdə eyniadlı komanda “Zaqatala” ilə səkkizdəbir final matçında 120 dəqiqədə qalib gələ bilməyib - 2:2. Penaltilərdə daha dəqiq olan “Qəbələ” 1608 gün öncəki görüşdə 4:1 hesabı ilə qalib gəlib.
Ümumiyyətlə, “Qarabağ” - “Sumqayıt” qarşılaşması turnirin 29 illik tarixində 29-cu penaltilər seriyasıdır. Tarixində 4-cü dəfə ölkə kubokunda 11 metrlik zərbələr vuran Ağdam təmsilçisi ardıcıl 3-cü dəfə uğursuzluqla üzləşib. 1999-2000-ci il mövsümündə “Turan”a qalib gələn (0:1, 1:0, pen.5:4) “Qarabağ” 2010-2011-ci il mövsümündə eyni rəqibə (0:0, pen. 3:4), 2011-2012-ci il mövsümündə isə “Bakı”ya (1:0, 0:1, pen.4:5) uduzub. İlk iki seriya səkkizdəbir, sonuncu isə indiki kimi yarımfinala təsadüf edib. Sumqayıtın eyniadlı təmsilçisi isə ikinci belə cəhdində ilk dəfə mərhələ adlayıb. “Sumqayıt” 2014-2015-ci il mövsümündə “Bakı” səddini keçə bilməyib. Səkkizdəbir final oyunu qolsuz bitsə də, paytaxt təmsilçisi sonda 4:3 hesabına sevinib.