AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİNDƏ MƏZUN GÜNÜ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 25-də Azərbaycan Memarlıq və İnşaat Universitetində 2007-2008-ci tədris ilinin məzunları ilə təntənəli görüş olmuşdur.
Əvvəlcə tədbir iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoymuş, əziz xatirəsini yad etmişlər.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına daim böyük əhəmiyyət verdiyini vurğulamışdır. Bu il ölkəmizdə növbəti prezident seçkilərinin keçiriləcəyini qeyd edən rektor, bu seçkilərdə də xalqımızın Heydər Əliyev siyasətinə yekdilliklə səs verəcəyinə, dövlətimizin başçısı İlham Əliyevi dəstəkləyəcəyinə əmin olduğunu bildirmişdir. Eyni zamanda, qeyd olunmuşdur ki, 2007-2008-ci tədris ilində universiteti 1002 tələbə bitirir. Onlardan 54 nəfəri xarici ölkə vətəndaşıdır. Bakalavrlardan 30-u, magistrlərdən isə 27-si fərqlənmə diplomuna layiq görülmüşdür.
Professor G.Məmmədova məzunları təbrik edərək, onlara uğurlar arzulamışdır.
Təhsil naziri Misir Mərdanov ulu öndərimiz Heydər Əliyevin gənclərə və təhsilimizə göstərdiyi diqqət və qayğıdan bəhs etmiş, dahi rəhbərimizin siyasətinin ölkə Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirmişdir. Dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayan nazir bu proqram çərçivəsində çoxlu sayda azərbaycanlı gəncin xarici ölkələrin ən nüfuzlu universitetlərində təhsil almağa göndərildiyini söyləmişdir.
Gənclər və idman naziri Azad Rəhimov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov və digər natiqlər də məzunlara xoş arzularını bildirmişlər.
Təhsildə yüksək nəticələr əldə etmiş məzunlara diplomlar təqdim olunmuşdur.
Sonra tanınmış incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.