Azərbaycan Memarlıq və İnşaat Universitetində “Qış məktəbi” başlayır
Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2017-ci ilin fevralında yaradılan “Qış məktəbi” yenidən fəaliyyətə başlayır. Fevralın 4-dən etibarən Qırğızıstanın Qırğız Rus-Slavyan Universitetinin, Slovakiyanın Koşitse Universitetinin, Rusiyanın Voronej Dövlət Texniki Universitetinin 40 nəfərdən ibarət tələbə və müəllim heyəti ölkəmizə gələcək.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, 10 gün davam edəcək “Qış məktəbi”ndə əcnəbi tələbələrə memarlıq fakültəsinin müəllimləri mühazirələr oxuyacaq, ustad dərsləri keçəcəklər. Tələbələrin Bakının qədim və müasir memarlıq abidələri ilə tanış olması üçün turlar təşkil ediləcək. Eyni zamanda, “Bakı bulvarından transformerlər” adlı vorkşopun da keçirilməsi nəzərdə tutulub. Səfər çərçivəsində tələbələr İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzi, “Üç alov” qülləsi, “YARAT” Müasir İncəsənət Mərkəzi və Olimpiya stadionunda olacaq, bu tikililər barədə onlara ətraflı məlumat veriləcək. Əcnəbi tələbələr Şəhidlər xiyabanını da ziyarət edəcəklər.
Layihədə iştirak edən tələbələrin asudə vaxtının səmərəli təşkil olunması üçün onların Bakının tarixi yerlərinə gəzintiləri də nəzərdə tutulub. “Qış məktəbi” tələbələrinin, həmçinin bölgələrə səfəri planlaşdırılıb. Onlar Qəbələ-Mingəçevir-Şəki turu ilə bir çox görməli yerlərə baş çəkəcəklər.
Qeyd edək ki, ilk dəfə Rusiyanın Tambov və Voronej universitetlərindən 36 nəfər “Qış məktəbi” layihəsində iştirak etmək hüququ qazanmışdı. Ötən il isə Voronej və Tambov universitetlərinin sırasına Kuban Dövlət Universitetinin tələbələri də qoşulmuşdu. Layihənin gerçəkləşməsində əsas məqsəd təkcə universiteti xarici ölkədə tanıtmaq deyil, eyni zamanda, Azərbaycanı, onun tarixini, mədəniyyətini, adət-ənənələrini, mətbəxini təbliğ etməkdir.