MƏDƏNİYYƏT
“Azərbaycan mətbəxi: dadsonrası dad” adlı sənədli filmi nümayiş olunub
Bakı, 22 may, Türkan Abdullayeva, AZƏRTAC
Mayın 22-də Azərbaycan Dövlət Film Fondunda “Azərbaycan mətbəxi: dadsonrası dad” adlı sənədli filmi KİV nümayəndələri üçün nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, filmin ssenari müəllifi və rejissoru Şamil Nəcəfzadə ekran əsərinin əsas ideyasının təkcə Azərbaycan mətbəxinin zənginliyi deyil, onun tarixi, hətta fəlsəfəsi barədə məlumat vermək olduğunu bildirib. Filmin çəkilişlərinin, demək olar ki, ölkəmizin bütün bölgələrində aparıldığını vurğulayan rejissor deyib: “Biz mətbəx mədəniyyəti ilə yanaşı, həm də Azərbaycanın çox qədim bir mədəniyyət ocağı olduğunu göstərmək istədik və buna nail olduq”.
Ş.Nəcəfzadə filmin “Milan Expo-2015” sərgisinin Azərbaycan pavilyonunda nümayiş etdiriləcəyini bildirib.
Sonra KİV nümayəndələri filmə baxıblar. Rus dilində nümayiş etdirilən film ilk olaraq ingilis dilində hazırlanıb. Ekran əsəri yaxın vaxtlarda Azərbaycan dilinə də tərcümə olunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasında çəkilmiş filmin xronometrajı 33 dəqiqədir. Mətbəximizə aid çoxsaylı tarixi sənət nümunələrinin yer aldığı bu film tamaşaçılara xalqımızın mənəvi irsi ilə yaxından tanış olmaq imkanı yaradır. Azərbaycanın füsunkar təbiətini əks etdirən landşaft çəkilişləri də filmin maraqla izlənilməsini təmin edir. Səyahətçi və tarixçilərin müşayiəti ilə orta əsr Şərq rəssamlarının bir çox miniatürləri, Avropa rəssamlarının qravürləri, fotoşəkillər filmin vizual-estetik və konseptual məğzini təşkil edir.
Ölkəmizin zəngin flora və faunası var. Bu isə iki mindən artıq yemək növünə malik olan mətbəximizin zənginliyini və onun dünyada xüsusi yer tutduğunu təsdiq etməyə imkan yaradır.
Ekran əsəri Azərbaycanın mədəni irsinin, mətbəx mədəniyyətinin, iqtisadi və mədəni potensialının dünyada təbliği və xarici turistlər üçün ölkəmizin cəlbediciliyini göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir. Filmin elmi məsləhətçisi Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, bəstəkarı Cahangir Zülfüqarov, operatoru Nizami Abbas, icraçı prodüseri Əbdülnasir Kutiyev, prodüseri Cavid İmamverdiyevdir.