AZƏRBAYCAN MİLLİ MƏTBUATI 133 YAŞINI QEYD EDİR
Bu gün zəngin tarixi, mütərəqqi və şanlı ənənələri olan Azərbaycan milli mətbuatının 133 yaşı tamam olur. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə böyük maarifçi və naşir Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş Azərbaycan milli mətbuatı ölkəmizdə həmişə qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü olmuşdur. XIX əsrin sonu - XX əsrin əvvəlində milli azadlıq ideyalarının, milli şüurun, mədəniyyətin, maarifçiliyin inkişafında Azərbaycan mətbuatının rolu danılmazdır. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında və zənginləşməsində, Azərbaycan ədəbi dilinin inkişafında milli mətbuat müstəsna xidmətlər göstərmişdir.
Ötən dövrdə Azərbaycan jurnalistikası mürəkkəb, çətin, eyni zamanda şərəfli bir yol keçmişdir.
Azərbaycanın yenidən müstəqil dövlət kimi yaşadığı müasir dövrdə kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qarşısında tamamilə yeni vəzifələr durur. Bu gün mətbuat demokratik vətəndaş cəmiyyəti quruculuğunda, iqtisadi və sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə sosial ədalət və şəffaflığın təmin edilməsində, insan hüquqlarının müdafiəsində, həmrəylik və tolerantlıq mühitinin yaradılmasında, milli şüurun, siyasi mədəniyyətin və bütövlükdə sağlam mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynamalıdır. Hazırda ölkəmizdə gedən bütün bu proseslərin mətbuatın, kütləvi informasiya vasitələrinin iştirakı olmadan səmərəli şəkildə reallaşdırılması təsəvvür edilə bilməz.
Milli mətbuatımız özünün əsl tərəqqi dövrünü ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra yaşamış və həqiqi qiymətini almışdır. Çağdaş dünya tarixində mətbuatın cəmiyyətə təsir gücünü ulu öndər Heydər Əliyev qədər yüksək dəyərləndirən lider bəlkə də olmamışdır. Ulu öndər Azərbaycan mətbuatının özəlliyini onun milli-mənəvi dəyərlərə bağlılığında görürdü. Ümummilli liderin “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında” Fərmanında da məhz bu cəhət vurğulanaraq deyilirdi ki, milli demokratik mətbuatın “Əkinçi” qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri - maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl daşları rolunu oynamışdır.
Ulu öndər respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə mətbuata böyük qayğı göstərirdi. O, Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanı ilə senzuranı ləğv etdi. 2001-ci il dekabrın 18-də Prezident Heydər Əliyev ölkənin əsas kütləvi informasiya vasitələrinin və jurnalist təşkilatlarının rəhbərlərini qəbul edərək, mətbuatın problemləri barədə onlarla geniş fikir mübadiləsi apardı. Həmin görüşdən sonra müstəqil qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının ödənilməsi “donduruldu”, qəzet kağızı idxalına dövlət rüsumunun ləğvi, qəzetlərin iqtisadi müstəqilliyinin artırılması, onlara güzəştli kreditlərin verilməsi kimi vacib məsələlər həll edildi. Ümummilli lider müstəqil Azərbaycanda mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzaladı. Bütün bunların nəticəsidir ki, Heydər Əliyev 2001-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.
Bu gün dövlət-mətbuat münasibətlərində Heydər Əliyevin siyasətini və ənənələrini davam etdirən, Azərbaycan dövləti mətbuatın fəaliyyətinə normal şərait yaradılması, onun cəmiyyət həyatına təsirinin, demokratikləşmə proseslərində rolunun təmin edilməsi və artırılması, vətəndaşların və jurnalistlərin informasiya almaq hüququnun tam reallaşdırılması üçün ardıcıl tədbirlər görür. Qloballaşma və informasiya əsrində bütün dövlət orqanlarının fəaliyyətində professionallıqla yanaşı, şəffaflıq prinsiplərinin də tətbiq olunmasını təmin etmək zərurəti yaranır, onların ictimaiyyətlə əlaqələrinin fəallaşdırılması üçün təsirli tədbirlər görülür. İndiki şəraitdə dövlət qurumları qarşısında KİV-lə normal, işgüzar münasibətlərin yaradılması, jurnalistlərin informasiya almaq hüquqlarına hörmətlə yanaşılması, mətbuatla hərtərəfli əməkdaşlıq edilməsi vəzifəsi qoyulmuşdur. Bundan başqa, mətbuatın müstəqilliyinin, maddi bazasının, maliyyə təminatının möhkəmləndirilməsində, jurnalistlərin peşəkarlıq səviyyəsinin, jurnalist nüfuzunun yüksəldilməsində dövlətin maraqlı olduğu bəyan edilir və bunun üçün konkret tədbirlər görülür.
Hazırda ölkədə 600-ə yaxın kütləvi informasiya vasitəsi fəaliyyət göstərir. Son illərdə Azərbaycan dövləti tərəfindən söz, fikir və məlumat azadlığının bərqərar olması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının və maliyyə imkanlarının yaxşılaşdırılması, mətbuat işçilərinin fəaliyyətinə lazımi şərait yaradılması üçün xeyli işlər görülmüşdür. Prezident İlham Əliyev mətbuatın cəmiyyətdəki mövqelərinin möhkəmlənməsinə xidmət edən bir sıra fərman və sərəncamlar imzalamışdır.
Milli Mətbuat günü təkcə jurnalistlərin yox, bütövlükdə cəmiyyətin bayramıdır. İndi “Əkinçi” dövrünün zülməti yoxdur, mətbuat bolluğu, söz azadlığı var. Belə bir şəraitdə peşə borclarını dərindən dərk edən əsl jurnalistlər millətin, dövlətin inkişafı üçün, mətbuatın həqiqətən dördüncü hakimiyyətə çevrilməsi üçün səy və bacarıqlarını əsirgəmirlər.
Bu əlamətdar gündə milli mətbuatımızın yaradıcılarını dərin hörmət və ehtiramla yad edir, Azərbaycan jurnalistikasına sədaqətlə xidmət edən həmkarlarımıza səmimi təbriklərimizi yetirir, yeni yaradıcılıq uğurları arzulayırıq.