AZƏRBAYCAN MÜDAFİƏ NAZİRİNİN TÜRKİYƏYƏ SƏFƏRİ
Səfərin ilk günü nazir Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edərək, onun məzarı önünə əklil qoymuş və fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Həmin gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hilmi Özkök nazir Səfər Əbiyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik Səfər Əbiyev Baş Qərargah rəisinə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırmışdır.
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının vəziyyəti və perspektivlərinin ətraflı müzakirə olunduğu görüşdə müdafiə naziri Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinə toxunaraq demişdir ki, Ermənistan işğal etdiyi torpaqlardan çəkilmək istəmir, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini yerinə yetirmir.
Ordu generalı Hilmi Özkök bildirmişdir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməyincə, Türkiyə-Ermənistan sərhədi açılmayacaqdır.
General-polkovnik Səfər Əbiyev Türkiyənin Baş Qərargah rəisini Azərbaycana rəsmi səfərə dəvət etmişdir.
Görüşdən sonra keçirilən brifinqdə Türkiyə Silahlı Qüvvələrinin beynəlxalq fəaliyyəti, onun Avropada və dünyada təhlükəsizliyin təmin edilməsində rolu və Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı haqqında ətraflı məlumat verilmişdir.
General-polkovnik Səfər Əbiyev daha sonra Təlim və Doktrina Komandanlığında komandan ordu generalı İsmayıl Koçmanla görüşmüş, Komandanlığın proqramı və fəaliyyəti ilə tanış olmuş, Azərbaycan Silahlı Qüvvələrinin burada təcrübə keçən nümayəndələri ilə söhbət etmişdir.
Oktyabrın 5-də general-polkovnik Səfər Əbiyev Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı, donanma admiralı Özden Örnək ilə görüşərək, Azərbaycan və Türkiyə hərbi dəniz qüvvələri arasında əməkdaşlığın vəziyyətini və gələcək perspektivlərini müzakirə etmiş, “Roketsan” səhmdar cəmiyyətinin sexləri, məhsulları ilə tanış olmuşdur.
Həmin gün Türkiyənin müdafiə naziri Vecdi Gönül Azərbaycanın müdafiə naziri Səfər Əbiyevi qəbul etmişdir. Görüşdən əvvəl nazirlər jurnalistlər qarşısında bəyanatla çıxış etmişlər.
Görüş zamanı general-polkovnik Səfər Əbiyev türkiyəli həmkarına Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barədə məlumat vermişdir. O, Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq demişdir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdir və bu ərazilərdən çıxmaq istəmir. Lakin Azərbaycan xalqı birmənalı şəkildə öz torpaqlarını azad etmək əzmindədir.
Cənab Vecdi Gönül Azərbaycanın qarşısında duran ən mühüm məsələnin işğal edilmiş Dağlıq Qarabağın və onun ətrafındakı ərazilərin azad edilməsi olduğunu söyləyərək demişdir ki, Türkiyə bu məsələdə Azərbaycana əlindən gələn köməyi bundan sonra da edəcəkdir. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət kimi Türkiyə onun ərazi bütövlüyünü dəstəkləyir.
General-polkovnik Səfər Əbiyev dəstəyə görə minnətdarlığını bildirmiş, Türkiyənin müdafiə nazirini Azərbaycana rəsmi səfərə dəvət etmişdir.
Həmin gün Azərbaycan nümayəndə heyəti İzmir şəhərinə gəlmişdir. Nazir burada Egey ordusunun komandanı, ordu generalı İşıq Koşener və Hava Təlim Komandanlığının komandanı, korpus generalı Yılmaz Oğuzla görüşmüşdür. Sonra Hava Dil Məktəbinə gələrək, onun proqramı ilə tanış olmuş, auditoriya və laboratoriyaları gəzmiş, Azərbaycan Silahlı Qüvvələrinin burada təhsil alan nümayəndələri ilə görüşmüşdür.
Oktyabrın 6-da Ankara şəhərinə qayıdan nümayəndə heyətini Türkiyə Prezidenti Əhməd Necdət Sezər qəbul etmişdir.
Cənab Əhməd Necdət Sezər Azərbaycan-Türkiyə əlaqələrinin indiki vəziyyətini yüksək qiymətləndirərək demişdir ki, biz Azərbaycanın tərəqqisi istiqamətində irəli atılan hər bir addıma sevinirik. Qafqazın təhlükəsizliyinə böyük önəm veririk və bu regionun barış içərisində yaşamasına çalışırıq.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Prezident vurğulamışdır ki, Türkiyə bu münaqişənin həllinin dondurulmasına göstərilən cəhdlərin əleyhinədir. Minsk qrupunun münaqişənin həlli istiqamətində fəaliyyətini artırması bizi məmnun edir. Ermənistan işğal etdiyi əraziləri boşaltmalıdır. Bu məsələdə Türkiyə Azərbaycanın ədalətli mövqeyini bütünlüklə dəstəkləyir.
Müdafiə naziri Səfər Əbiyev səmimi qəbul üçün Türkiyə Prezidentinə təşəkkür etmiş və Prezident İlham Əliyevin salamlarını ona çatdırmışdır. Cənubi Qafqaz regionundakı hərbi-siyasi vəziyyət barədə ətraflı məlumat verən nazir Azərbaycan-Türkiyə hərbi əlaqələrinin getdikcə genişləndiyini vurğulamış və demişdir ki, biz çox istəyirik ki, Türkiyə Qafqazda öz liderliyini təsdiq etsin. O, Ermənistanın qondarma “soyqırımı” barədə iddialarla Türkiyəyə təsir etmək niyyəti güddüyünü vurğulamışdır.
Səmimi salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edən Türkiyənin dövlət başçısı demişdir ki, biz Qafqaz bölgəsində sabitliyin bərqərar olmasını istəyirik. Ona görə də tələb edirik ki, Ermənistan Azərbaycanla savaşı bitirsin və işğal etdiyi Azərbaycan torpaqlarından çıxsın.
General-polkovnik Səfər Əbiyev Türkiyənin hər bir sahədə Azərbaycanı dəstəklədiyinə görə Prezidentə minnətdarlığını bildirmişdir.
Oktyabrın 6-da nümayəndə heyəti Vətənə qayıtmışdır.