AZƏRBAYCAN NATO İLƏ ƏMƏKDAŞLIĞA ARDICIL SURƏTDƏ CAN ATIR
Aprelin 18-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Keçid dövrü demokratiyaları layihəsinin rəhbəri, Amerika Birləşmiş Ştatları NATO Komitəsinin həmsədri Brüs Ceksonla görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qonağı salamlayan müdafiə naziri qeyd etmişdir ki, son zamanlar ABŞ, NATO və Avropa ölkələrinin nümayəndələri ilə tez-tez görüşməyimiz bizi sevindirir. Bu görüşlər aramızda münasibətlər yaradır, biz bir-birimizə yaxınlaşırıq. Nazir demişdir: “Müstəqil Azərbaycanın öz inkişaf yolu vardır. Bu yol Avropaya, NATO-ya və Avro-Atlantika tərəfdaşlığının təhlükəsizlik strukturlarına inteqrasiyadan ibarətdir. Bu istiqamətdə bizim bir çox uğurlarımız vardır. Azərbaycanın antiterror koalisiyasına daxil olması, Kosovada və Əfqanıstanda taqımlarımızın sülhməramlı əməliyyatlarda iştirakı belə vurğulardandır. Biz müharibədən sonrakı İraqın bərpasında iştirak etmək üçün bir bölməmizi oraya göndərməyi planlaşdırırıq”.
Səmimi qəbul üçün təşəkkür edən B.Cekson demişdir ki, mən sizinlə bu görüşü yüksək qiymətləndirirəm. Mənə sülhməramlı taburunuzla tanış olmağa şərait yaratdığınıza görə minnətdarlıq edirəm. O demişdir: “Məni Avro-Atlantika strateji məkanında əməkdaşlıq məsələlərinin həlli maraqlandırır. Sizin regiona, o cümlədən Azərbaycana səfərimin məqsədi buradakı vəziyyəti yaxından öyrənməkdir”.
O, NATO-nun növbəti sammitində Qara dəniz hövzəsi ölkələrinin bu təşkilata qəbulu imkanlarının müzakirə olunacağını vurğulayaraq qeyd etmişdir ki, həmin məsələdə ölkələrin Müdafiə Nazirliklərinə xüsusi yer ayrılır.
General polkovnik Səfər Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətlə qonağı tanış edərək söyləmişdir ki, təcavüzkar Ermənistan dövlətinin işğalçılıq siyasəti bölgədə gərginliyin aradan qaldırılmasına və təhlükəsizliyin təmin edilməsinə imkan vermir. O, Azərbaycan-NATO münasibətlərinə bir də toxunaraq demişdir: “Azərbaycan NATO ilə əməkdaşlığa sistemli və ardıcıl surətdə can atır”.
Görüşdə ABŞ-ın Azərbaycandakı hərbi attaşesi Mark Casper iştirak etmişdir.