SİYASƏT
AZƏRBAYCAN NAZİRİ BERLİNDƏ VƏ HELSİNKİDƏ KEÇİRİLƏN KONFRANSLARDA MƏRUZƏLƏR ETMİŞDİR
BMT-nin Avropa İqtisadi Komissiyası sentyabrın 11-13-də Berlində Yaşlaşma ilə bağlı nazirlər konfransı keçirmişdir. Bu ilin aprelində Madrid şəhərində BMT-nin təşkil etdiyi Yaşlaşma üzrə II Ümumdünya Assambleyasında qəbul edilən fəaliyyət planına müvafiq olaraq, konfransda milli proqramların müzakirəsi aparılmışdır. Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev konfransda sosial-iqtisadi inkişaf və yaşlıların problemlərinə dair məruzə etmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin mətbuat xidmətindən bildirmişlər ki, Əli Nağıyev konfrans çərçivəsində Almaniya Federativ Respublikasının ailə, yaşlılar, qadınlar və gənclər məsələləri naziri Kristina Berqman, Beynəlxalq Əmək Təşkilatı Avropa departamentinin rəhbəri Fridrix Butler, İtaliyanın əmək və sosial siyasət naziri Roberto Maroni, Ukraynanın əmək və sosial siyasət naziri İvan Saxan, Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi naziri Gülcana Qaraqusova, Qırğızıstanın əmək və sosial müdafiə naziri Roza Ağnəzərova ilə görüşlər keçirmişdir.
Əli Nağıyev sentyabrın 16-17-də Helsinkidə Avropa ölkələri nazirlərinin 7-ci konfransında da iştirak etmişdir. “Cəmiyyətdə miqrantların vəziyyəti: XXI əsrdə siyasətin seçimi” mövzusuna həsr edilmiş konfransda Avropa Birliyi ölkələri ərazilərində miqrantların hüquqları və onlara riayət edilməsi məsələləri müzakirə olunmuşdur. Azərbaycan nümayəndə heyətinin başçısı ölkəmizdə sosial-iqtisadi vəziyyət, miqrasiya sahəsində dövlət siyasəti və miqrantların hüquqları ilə əlaqədar Avropa Şurası tərəfindən təsbit olunmuş normaların tətbiqinə dair məruzə ilə çıxış etmişdir.
Konfrans zamanı nazir Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Brunson Makkinli və AŞPA-nın Qaçqınlar, Demoqrafiya və Miqrasiya Komitəsinin sədri Tadeuş İvinski ilə görüşlər keçirmişdir. Görüşlərdə bu qurumlarla Azərbaycan Respublikası arasında miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.