MƏDƏNİYYƏT
Azərbaycan Nigeriyada beynəlxalq festivalda təmsil olunub
Bakı, 1 oktyabr, AZƏRTAC
Nigeriyanın müstəqillik günü ilə əlaqədar Laqos şəhərində Banana Mədəniyyət Festivalı keçirilib. Festivalda Laqosda yaşayan 20 ölkənin (Mərakeş, Tunis, Əlcəzair, Misir, Fransa, İtaliya, Nigeriya, İngiltərə, Almaniya və s.) nümayəndələri öz xalqlarının tarix, mədəniyyət, mətbəx və musiqisini nümayiş etdirib.
Ölkəmizi tədbirdə Nigeriyada yaşayan yeganə azərbaycanlı Billurə Bayramova təmsil edib.
B.Bayramova AZƏRTAC bildirib ki, festivalda Azərbaycanin dövlət himni səsləndirilib. Qonaqlara xalqımızın ləziz yeməkləri - dolma, qutab, plov, paxlava, sac qovurması təqdim olunub. Ölkə mediasına və iştirakçılara Azərbaycanın tarixi və mədəniyyəti barəsində geniş məlumat verilib. Festivalda ifa olunan milli rəqslərimizdən “Qavalla rəqs” böyük maraqla qarşılanıb. Tədbirdə dəb dəfiləsində azərbaycanlı modelyer Gülnarə Xəlilovanın milli geyimlərindən ibarət libaslar nümayiş edilib.
Onun sözlərinə görə festivalın təşkilində əsas məqsəd Nigeriyada yaşayan müxtəlif ölkələrin vətəndaşlarının öz dövlətlərini təmsil və təbliğ etmək, özlərinə məxsus təamları bölüşmək, musiqi, mədəniyyəti və tarixləri barədə iştirakçılara dolğun məlumatlar verməkdən ibarətdir.
Billurə Bayramova deyib ki, festivalda müxtəlif ölkələrin səfirləri, Laqosda yerləşən tanınmış şirkətlərin nümayəndələri və Nigeriyanın mədəniyyət naziri və digər rəsmi şəxslər iştirak ediblər.