Azərbaycan növbəti dəfə Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilmişdir
Bakı, 21 noyabr (AZƏRTAC). Azərbaycan növbəti dəfə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, bu barədə qərar BSTA-nın 31-ci Baş Assambleyası çərçivəsində Assosiasiyanın Avropa Şəbəkəsi Rəhbər Komitəsinə keçirilən seçkilərdə verilmişdir. Toplantıda, həmçinin qurumun yeni fəaliyyət proqramı və 2014-2016-cı illər üçün büdcəsi təsdiq olunmuş, BSTA-nın prezidenti və xəzinədarı vəzifələrinə, nəzarət komissiyası və büro üzvlüyünə seçkilər keçirilmişdir.
Azərbaycanın yenidən BSTA-nın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinə seçilməsi ölkəmizin sığorta-pensiya sahəsində əldə etdiyi nailiyyətlərə verilən yüksək qiymət olmaqla yanaşı, bu sahədəki islahatçı imicinin və yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir.
Ölkəmizdə beynəlxalq standartlara uyğun yeni sosial müdafiə modelinin təşəkkül tapması və həmin modelin mühüm tərkib hissəsi olan sığorta-pensiya sistemində islahatların davam etdirilməsinin Azərbaycan Prezidenti tərəfindən xüsusi diqqət mərkəzində saxlanılması qazanılan bütün uğurların başlıca təminatı olmuşdur.
Rəhbər komitəsinin üzvü kimi, Azərbaycan assosiasiya çərçivəsində yüksək səviyyədə qərarların qəbul edilməsində xüsusi rola malikdir.