Azərbaycan nümayəndə heyəti NATO Parlament Assambleyasının 68-ci sessiyasında iştirak edir
Bakı, 21 noyabr, AZƏRTAC
İspaniyanın paytaxtı Madriddə NATO Parlament Assambleyasının (PA) 68-ci sessiyası öz işinə başlayıb.
Sessiyada alyansa üzv olan 30 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Ukraynada vəziyyət, iyunun 28-30-da Madriddə keçirilmiş NATO-nun Zirvə toplantısında qəbul edilən yeni strateji konsepsiya, NATO-nun müdafiə və çəkindirmə siyasəti, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi kimi mövzular müzakirə edilir.
Sessiyada NATO-nun Baş katibi Yens Stoltenberqin çıxışı nəzərdə tutulur. Tədbirdə Azərbaycanın NATO yanında nümayəndəliyinin və Milli Məclisin nümayəndələri iştirak edirlər.