AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ QİƏT ÜZVÜ OLAN ÖLKƏLƏRİN NƏQLİYYAT NAZİRLƏRİNİN ODESSA TOPLANTISINDA İŞTİRAK EDİR
AZƏRTAC xəbər verir ki, aprelin 9-10-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı nəqliyyat nazirlərinin Ukraynanın Odessa şəhərində keçiriləcək konfransında iştirak etmək üçün Nəqliyyat Nazirliyi aparatının rəhbəri Cavid Nəcəfovun başçılıq etdiyi nümayəndə heyəti Odessa şəhərinə yola düşmüşdür.
Konfransda əsasən Qara dəniz boyunca dairəvi avtomobil yolunun inşası, limanlar arasında bərə və sərnişin daşımalarının bərpa edilməsi və digər məsələlər müzakirə ediləcəkdir.
Uzunluğu 7250 kilometr olacaq Qara dəniz boyunca dairəvi avtomobil yolunun tikintisi ideyası Rusiyaya məxsusdur və ötən ilin sentyabrında Soçidə məsələ ilə bağlı Anlaşma Memorandumu imzalanmışdır. Türkiyənin İstanbul, Samsun, Trabzon, Gürcüstanın Batumi və Poti, Rusiyanın Novrossiysk, Rostov, Taqanroq, Ukraynanın Mariupol və Odessa şəhərlərindən, eləcə də Moldova, Rumıniya və Yunanıstan ərazisindən keçəcək bu yolun inşasında Azərbaycan da maraqlıdır. Belə ki, ölkəmiz Poti-Tbilisi-Bakı, həmçinin Rostov-Volqoqrad-Həştərxan-Bakı avtomobil yolları vasitəsilə layihədə iştirak etmək niyyətindədir.
Konfransda həmçinin nəqliyyat sahəsində regional əməkdaşlığın genişləndirilməsi, QİƏT üzvü olan ölkələrin iqtisadi inkişafına kömək məsələləri, habelə regional layihələrin perspektivləri müzakirə olunacaqdır.
Qeyd edək ki, QİƏT-in tərkibinə Azərbaycan, Albaniya, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə, Ukrayna və Ermənistan daxildir. Daha 13 ölkə, o cümlədən ABŞ, Fransa, Almaniya bu beynəlxalq qurumun tədbirlərində müşahidəçi statusu ilə iştirak edirlər.