AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ REGİONAL RABİTƏ BİRLİYİNİN İCLASINDA İŞTİRAK ETMİŞDİR
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyası Rəhbərləri Şurasının 39-cu iclasında və “TürkmənTel” Beynəlxalq İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) Sərgisinin açılış mərasimində iştirak etmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, sərgidə Azərbaycana məxsus 50 kvadmetrlik stenddə ölkəmizin biznes sektorunu təmsil edən “Sinam”, “Ultra”, “Risk”, “Azel”, “Kür” və digər şirkətlərin məhsulları nümayiş etdirilmişdir.
RRB-nin 39-cu iclasının açılış mərasimində çıxış edən nazir Əli Abbasov Azərbaycanda rabitə və İKT sahəsində aparılan islahatlar, həyata keçirilən proqramlar barədə məlumat vermişdir. Nazir bu il noyabrın 11-dən 14-dək Bakıda keçiriləcək “BakuTel-2008” Beynəlxalq İKT Sərgi-Konfransı çərçivəsində Şərq-Qərb sürətli informasiya dəhlizi yaradılmasına həsr olunacaq Nazirlər Toplantısının keçiriləcəyi barədə danışmış və iclasda iştirak edən nazirləri həmin tədbirə dəvət etmişdir.
RRB-nin iclası çərçivəsində Əli Abbasov ilə Rusiya Federasiyasının və Türkmənistanın müvafiq nazirləri, Bolqarıstanın, Sloveniyanın və digər ölkələrin səlahiyyətli nümayəndələri arasında ikitərəfli görüşlər keçirilmişdir. Görüşlərdə Şərq-Qərb sürətli rabitə magistralının reallaşması istiqamətində əməkdaşlıq və digər məsələlər müzakirə edilmişdir.
Dünya Poçt İttifaqının nümayəndə heyətinin rəhbəri ilə görüşdə Azərbaycanda poçt sahəsində aparılan islahatlar yüksək qiymətləndirilmişdir.
Əli Abbasov sərgi və konfransda iştirak edən bir sıra şirkət rəhbərləri ilə ikitərəfli görüşlər keçirmişdir.