Azərbaycan nümayəndə heyəti Serbiyada QDİƏT Parlament Məclisinin komitə iclasında iştirak edib
Belqrad, 17 mart, AZƏRTAC
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) baş katibi Asəf Hacıyev və Milli Məclisin deputatı, QDİƏT PM-in iqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin sədri Musa Quliyev Serbiyada səfərdədir. Səfərin məqsədi QDİƏT PM-in iqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 44-cü iclasında iştirak etməkdir.
İclasda “QDİƏT üzv ölkələrində informasiya cəmiyyətinin inkişafında və güclənməsində yeni texnologiyaların rolu” mövzusunda məruzə dinlənilib, müvafiq istiqamətdə müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.
Səfər çərçivəsində A.Hacıyev və M.Quliyev Serbiya parlamentinin nümayəndələri və ölkəmizin Serbiyadakı səfirliyinin əməkdaşları ilə birgə Belqrad şəhərinin mərkəzindəki Taşmaydan parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə güllər düzüblər. Parkda görkəmli serb yazıçısı, “Xəzər lüğəti” əsərinin müəllifi Milorad Paviçin heykəli, eləcə də Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirə lövhəsi də ziyarət edilib.
Səfər çərçivəsində nümayəndə heyəti Serbiya parlamentinin vitse-spikeri, bu ölkənin QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri, Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü İqor Beçiçin dəvəti əsasında Novi Sad şəhərində də olub. Nümayəndə heyəti Dunay çayının sahilində Üzeyir Hacıbəyli Memorialını ziyarət edərək dahi bəstəkarın burada ucaldılmış büstü önünə gül dəstəsi qoyub.
Səfər zamanı A.Hacıyev, həmçinin Serbiya parlamentinin sədri Maya Qoykoviç, bu ölkənin Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç və Serbiyanın Avrointeqrasiya məsələləri üzrə portfelsiz naziri Yadranka Yoksimoviç ilə görüşlər keçirib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad