AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN SƏFƏRİ
İqtisadi inkişaf naziri Fərhad Əliyevin başçılığı ilə hökumət nümayəndə heyəti Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması ilə əlaqədar bu təşkilatın Azərbaycan üzrə işçi qrupu ilə danışıqların ilk iclasında iştirak etmək məqsədi ilə 2002-ci il iyunun 3-7-də Cenevrə şəhərində səfərdə olmuşdur. Nümayəndə heyətinin tərkibinə işçi qrupun üzvləri daxil idi.
Səfərin ilk günlərində Türkiyə, Moldova, Avstraliya, Kanada, ABŞ, Avropa Birliyi, Litva, Gürcüstan, İsveçrə nümayəndələri ilə ikitərəfli görüşlər keçirilmişdir.
Iyunun 7-də Almaniyanın ÜTT yanında daimi nümayəndəliyinin rəhbəri, ÜTT-nin Azərbaycan üzrə işçi qrupunun sədri V.Levalterin rəhbərliyi ilə danışıqlar üzrə ilk iclas keçirilmişdir. Iclasda 28 ölkənin, o cümlədən müşahidəçi qismində Belarus, Rusiya, Yuqoslaviya, Nepal və Yəmənin nümayəndələri iştirak etmişlər.
Azərbaycan nümayəndə heyətinin başçısı, iqtisadi inkişaf naziri F.Əliyev iclasda məruzə ilə çıxış etmişdir. O, ÜTT-yə üzvolma istiqamətində görülən işlər, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar nəticəsində əldə edilmiş nailiyyətlər barəsində geniş məlumat vermişdir. Nazir çıxışında Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının zəbt olunması ilə əlaqədar yaranmış problemlərə də toxunmuşdur. F.Əliyev işğal olunmuş torpaqlar azad edilməyincə, ölkələrin ərazi bütövlüyü prinsipi Ermənistan tərəfindən qəbul edilməyincə, bu ölkə ilə heç bir sahədə regional əməkdaşlığın mümkün oımadığını xüsusilə vurğulamışdır.
Azərbaycan nümayəndə heyətinin başçısı, iqtisadi inkişaf naziri F.Əliyevin çıxışı böyük maraqla qarşılanmışdır.
Türkiyə Respublikasının ÜTT yanında missiyasının başçısı Oğuz Dəmiralp çıxış edərək, ölkəsinin Azərbaycanı ÜTT-yə daxil olmaqda tam dəstəklədiyini qeyd etmiş, digər ölkələri də Azərbaycanı dəstəkləməyə çağırmışdır. Avropa Birliyi, Gürcüstan, Avstraliya, Moldova, Yaponiya, Latviya, İsveçrə, Kanada, Koreya, Tailand, Norveç, Çin, ABŞ və Litva nümayəndələri öz çıxışlarında ölkələrinin Azərbaycanın ÜTT-yə üzv olmasını dəstəklədiklərini bildirmişlər.
Azərbaycan tərəfindən təqdim edilmiş memorandumun və bir sıra ölkələrin suallarına verilmiş cavabların müzakirəsində Avstriya, Kanada, Avropa Birliyi və ABŞ nümayəndələri daha fəal iştirak etmişlər.
Danışıqların davam etdiriləcəyi ikinci iclasın 2003-cü ilin mart-aprel aylarında keçirilməsi nəzərdə tutulur.
İqtisadi İnkişaf Nazirliyi