AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ DÜNYA POÇT İTTİFAQININ 24-CÜ KONQRESİNDƏ İŞTİRAK EDƏCƏKLƏR
İyulun 23-də İsveçrənin Cenevrə şəhərində Dünya Poçt İttifaqının (DPİ) 24-cü Konqresi öz işinə başlayır. Azərbaycanı tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun başçılığı altında nümayəndə heyəti təmsil edəcəkdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə poçt xidmətlərinin keyfiyyətinin artırılması, dünya poçt infrastrukturunun inkişafı, xidmətlər çeşidinin artırılması, o cümlədən müasir informasiya texnologiyaları nəzərə alınmaqla poçt administrasiyaları tərəfindən təqdim edilən məsələlər müzakirə olunacaqdır.
Azərbaycan, öz növbəsində, DPİ-nin ali orqanları olan Administrativ və Poçt İstismarı şuralarına konqresdə keçiriləcək seçkilərdə seçilmək üçün namizədliyini irəli sürmüşdür. Xatırladaq ki, sonuncu Buxarest (2004) Konqresində Azərbaycan 4 illik müddətə Administrativ Şuranın üzvlüyünə seçilmişdi və cari ildə bu müddət başa çatmışdır.
Avqustun 12-dək davam edəcək konqresdə Dünya Poçt Strategiyasının - DPİ və poçt bazarının bütün iştirakçıları tərəfindən fəaliyyətlərində rəhbər tutulacaq əsas sənədin qəbul olunması planlaşdırılmışdır.
Qeyd edək ki, konqres hər 4 ildə bir dəfə keçirilir. 24-cü Konqresin əvvəlcə Keniyanın Nayrobi şəhərində keçirilməsi nəzərdə tutulsa da, ötən ilin dekabr ayında həmin ölkədə keçirilmiş prezident seçkilərindən sonra davam edən iğtişaşlarla bağlı DPİ-nin Administrativ Şurasının qərarına əsasən konqresin İsveçrədə keçirilməsi nəzərdə tutulmuşdur. Buna baxmayaraq 24-cü Konqres Nayrobi (2008) Konqresi adlanacaq və növbəti 4 illik müddətə Administrativ Şuraya Keniya sədrlik edəcəkdir.