AZƏRBAYCAN ORDUSU TORPAQLARIMIZI İŞĞALDAN AZAD ETMƏYƏ QADİRDİR
Deputat Vahid Əhmədov bildirmişdir ki, səfərdən məqsəd hərbçilərimizin sosial vəziyyəti, onların problemləri ilə tanışlıqla yanaşı, əsgərlərimizdə hərbi vətənpərvərlik ruhunu yüksəltmək idi. Hərbi hissələrlə tanışlıq və əsagərlərlə söhbətlər zamanı aydın olmuşdur ki, ordunun döyüş qabiliyyəti çox yüksəkdir. Bu da dövlətimizin başçısının, Ali baş komandanın Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının nəticəsidir. Prezident ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, əsgərlərin xidmət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir, vaxtaşırı zabitlərin əmək haqlarını artırır, onların sosial-problemləri tədricən aradan qaldırılır. Təbiidir ki, bu da döyüş qabiliyyətinin, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynayır. Biz indi inamla deyə bilərik ki, Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir və onlar Ali baş komandanın əmrini gözləyir.
Bunlarla yanaşı problemlər də mövcuddur. Bu, əsasən, zabitlərimizin mənzilləri ilə bağlıdır. 2007-ci ilin dövlət büdcəsində Bakı şəhərində hərbçilər üçün 2 yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur. Hesab edirik ki, regionlarda da zabitlərimiz üçün xidməti mənzillərin tikintisinə ehtiyac vardır.
Sonra deputatlardan Elmira Axundova, Tahir Rzayev, Fəzail Ağamalı, Lalə Abbasova və Aydınxan Həsənov çıxış edərək, zabit və əsgərlərimizdə döyüş ruhunun, nikbinliyin yüksək olduğunu qeyd etmişlər. Tanış olduqları hərbi hissələrdə tibb məntəqələrinə, əsgər yeməkxanalarına, kazarmalara baş çəkdiklərini, əsgərlərin müalicəsi və qidalanmaları ilə yaxından maraqlandıqlarını bildirmişlər.
Sonda jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.