AZƏRBAYCAN PARLAMENTİNİN AŞPA-DAKI NÜMAYƏNDƏ HEYƏTİNİN BAŞÇISI, MİLLİ MƏCLİSİN DEPUTATI İLHAM ƏLİYEVİN STRASBURQDAN RESPUBLİKA TELEVİZİYASINA MÜSAHİBƏSİ
Sentyabrın 26-da Strasburqda Avropa Şurası Palrlament Assambleyasının payız sessiyasının iclasında Ermənistanin və Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi barədə məsələlər də müzakirə olunmuşdur.
Azərbaycan nümayəndə heyətinin başçısı, Milli Məclisin deputatı İlham Əliyev müzakirələrdə iki dəfə- həm Ermənistan, həm də Azərbaycanla bağlı məsələlər barədə çıxış etmişdir.
İclasdan sonra İlham Əliyev Strasburqdan peyk rabitəsi vasitəsilə Azərbaycan dövlət televiziyasına birbaşa müsahibə vermişdir. Həmin müsahibənin mətnini oxuculara təqdim edirik.
JURNALİST: İlham müəllim, axşamınız xeyir olsun!
İLHAM ƏLİYEV: Axşamınız xeyir.
JURNALİST: Bu gün Avropa Şurası Parlament Assambleyasının sessiyasında cərəyan edən hadisələri respublikamızda çox diqqətlə, maraqla izləyirlər. Çünki bu müzakirələr siyasi çərçivədən xeyli kənara çıxır və xüsusən Qarabağ münaqişəsi ilə bağlı indiyə kimi Avropa ölkələrində formalaşmış stereotipləri müəyyən mənada dağıdır. İstərdik, əvvəlcə bugünkü müzakirələrin gedişi, gündəliyə çıxarılan mövzular və rəhbərlik etdiyiniz deputat qrupunun fəaliyyəti haqqında məlumat verəsiniz, sonra isə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məqamlara aydınlıq gətirəsiniz. Buyurun.
İLHAM ƏLİYEV: Bugünkü iclasda Ermənistanın və Azərbaycanın üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi məsələsi müzakirə olunmuşdur. Bu barədə məruzələr dinlənildi və onların ətrafında diskussiyalar aparıldı. Azərbaycan nümayəndə heyəti hər iki məsələdə çox fəal iştirak edib və öz sözünü deyibdir. Gündəlikdə Ermənistanın məsələsi əvvəl idi. Ona görə biz, nümayəndə heyətinin bütün üzvləri öz səylərimizi o məsələyə yönəltmişdik.
Deyə bilərəm ki, Ermənistana aid qəbul olunacaq qətnaməyə bizim səylərimizin nəticəsində Dağlıq Qarabağa aid xeyrimizə olan ifadələr, cümlələr salınmışdı. Ermənistan tərəfi bundan boyun qaçırmaq istəyirdi və hər vəchlə çalışırdı ki, işğal edilmiş torpaqların mövcud olması qətnaməyə düşməsin, Dağlıq Qarabağ münaqişəsi öz adı ilə göstərilməsin. Sadəcə olaraq, hansısa mücərrəd bir ifadə yazılsın. Biz isə buna imkan vermədik.
Aparılmış bütün müzakirələr zamanı Avropa Şurasının deyə bilərəm, deputatlarının tam əksəriyyəti artıq açıq-aydın bəyan edirlər ki, bəli, Ermənistan işğalçı bir dövlətdir, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bu işğalın nəticəsində Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün yaranıbdır. Bu münasibətlə də Ermənistanı çox ciddi tənqid etdilər. Bu onu göstərir ki, bizim nümayəndə heyətimizin bu istiqamətdə son il yarım ərzində fəaliyyəti öz bəhrəsini verməkdədir. Biz hər iclasda, hər sessiyada gündəliyə çıxarılan məsələlərdən asılı olmayaraq, bu mövzunu Avropa Şurasının deputatlarının diqqətinə çatdırmışdıq və çıxışlarımızda dəfələrlə bildirmişdik ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Avropa Şurasının bir üzvü Avropa Şurasının digər üzvünün torpaqlarını işğal edib, ona təcavüz edibdir. Buna görə də Ermənistana qarşı gərək sanksiyalar tətbiq olunsun.
Hesab edirəm ki, bu fəaliyyətin nəticəsidir ki, artıq AŞPA-da hamı Ermənistanı işğalçı bir dövlət, terrorizmə dəstək verən bir dövlət, narkotik yetişdirilməsinə kömək və himayədarlıq edən bir dövlət kimi tanıyır. Deyə bilərəm ki, bugünkü sessiyanın birinci mərhələsi bu məsələyə aid idi. Biz Ermənistanın qətnaməsinə demək olar ki, bir neçə düzəlişlər etdik. O düzəlişlərin bir neçəsi artıq qəbul edilibdir. Ermənistan nümayəndələri buna etiraz etməyə çalışırdılar. Amma buna baxmayaraq, o düzəlişlər qəbul olunubdur və hesab edirəm ki, onlar gələcəkdə və xüsusilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılmlsı üçün aparılan danışıqlarda öz köməyini göstərə bilər.
SUAL: İlham müəllim, Azərbaycana və Ermənistana aid hesabatlarda Avropa Şurasının Qarabağ münaqişəsi məsələsinə yanaşmasında sizcə prinsipal cəhətlər özünü nədə göstərir? Hansı məqamlara görə demək olar ki, məsələn, Ermənistana münasibətdə bu nüans, Azərbaycana münasibətdə bu nüans fərqlidir. Hər halda sizin dediyiniz kimi, yeni çalarlar görünür. Çünki indiyə qədər işğalçını öz adı ilə çağırmırdılar. Amma indi bu məsələ dünya, Avropa ictimaiyyətinin nəzərinə bu səviyyədə çatdırılır.
CAVAB: Mən deyə bilərəm ki, Avropa Şurasının deputatlarının indiyə qədər bu məsələ ilə bağlı o qədər böyük məlumatları yox idi. Çünki bu, bir tərəfdən erməni təbliğatı, erməni lobbisinin fəalaiyyəti, digər tərəfdən isə Azərbaycanın bu qədər böyük tribunasının olmaması ilə bağlı idi. Amma biz Avropa Şurasına daxil olandan sonra bu tribunadan, bu kürsüdən çox səmərəli istifadə elədik. Ona görə həm Ermənistana aid məruzədə və qətnamədə, eyni zamanda, Azərbaycana aid məruzədə və qətnamədə bütün bu faktlar öz adları ilə göstərilir. Yəni Ermənistan Azərbaycan torpaqlarını işğal edib, işğal olunmuş torpaqların adları orada sadalanır və o işğalın nəticəsində bu qədər qaçqının, köçkünün yaranması da orada öz əksini tapır.
Qeyd etmək istəyirəm ki, bu məsələ bəlkə də bu məruzə üçün, bu qətnamə üçün bir nömrəli məsələ deyildi. Çünki burada söhbət hər iki ölkənin öz üzərinə götürdüyü öhdəliklərdən gedir. O öhdəliklərdə də Dağlıq Qarabağla bağlı göstərilmişdir ki, hər iki ölkə bu məsələni sülh yolu ilə həll etməyə çalışmalıdır. Eyni zamanda, siz bilirsiniz ki, biz dəfələrlə təkid etmişdik ki, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi təyin edilsin. Ermənistan tərəfi buna etiraz edirdi və istəyirdi ki, bu məsələni ört-basdır eləsin, bu məsələ müzakirə obyektinə çevrilməsin. Çünki bilirlər ki, əgər çevrilərsə, onda bütün Avropa Şurası biləcək ki, işğalçı, təcavüzkar kimdir, zərərçəkən kimdir. Buna baxmayaraq, biz nail olduq ki, bu məruzəyə də Dağlıq Qarabağa aid məsələləri salaq. Deyə bilərəm ki, Avropa Şurasının tam dəstəyini, deputatların dəstəyini, eyni zamanda Monitorinq Komitəsinin dəstəyini aldıq. Çox şadam ki, Azərbaycan üzrə olan məruzəçilər də bu məsələdə prinsipial mövqe tutdular, Azərbaycanı dəstəklədilər.
SUAL: İlham müəllim, ermənilərin Avropa ölkələrində parlament deputatlarına, vəzifəli şəxslərə təsir etmək imkanı var. Yəqin ki, onlar Avropa Şurasında da bu cür cəhd göstəriblər. Bu barədə sizin müşahidələriniz necədir?
CAVAB: Mən sizinlə razıyam. Onların təsir mexanizmləri çox genişdir. Çünki hər bir ölkədə, xüsusilə Avropada erməni diasporu mövcuddur və bu diaspor çox mütəşəkkil şəkildə Ermənistanın milli maraqlarını müdafiə edir. Bizim isə təsir mexanizmimiz ancaq həqiqətdir, sözümüzdür. Ermənilərin isə, görünür, bəlkə də bizə bəlli olmayan başqa mexanizmləri var.
Mən çox böyük təəssüflə deyə bilərəm ki, bu dəfəki sessiyada bu ənənə özünü büruzə verdi. Ermənilər həm onlara aid olan qətnaməyə, həm də Azərbaycana aid olan qətnaməyə müxtəlif düzəlişlər etməyə cəhd etdilər. İtaliyadan olan deputatların 7 nəfərini bu işə cəlb etdilər. Yəqin ki, bu sənədlər sonra Azərbaycan mətbuatında dərc olunacaq, orada görmək olar ki, İtaliyanın 7 deputatı həm Ermənistanla bağlı məsələyə, həm də Azərbaycanla bağlı məsələyə bizi qane etməyən, amma ermənilərin maraqlarına uyğun düzəlişlər ediblər. Amma mən sizə deyə bilrəm ki, o düzəlişlərin heç biri keçmədi. Biz imkan vermədik ki, onlar keçsin. Ona görə hesab edirəm ki, ermənilər burada həm özlərini, həm də İtaliya deputatlarını da pis vəziyyətə salıblar.
Mən hesab edirəm ki, ermənilərin bu hərəkəti çox yolverilməz bir haldır. Əgər onların hansısa fikri, iradı varsa, gərək öz adlarından bildirsinlər. Başqa ölkədən olan deputatların arxasında gizlənməsinlər. Məsələn, biz Ermənistanın məruzəsinə çoxlu düzəlişlər verdik. Bizə aid olan məsələyə 20-dən çox, bəlkə də 25 düzəliş etdik, hamısını da biz öz adımızdan verdik. Yəni heç kimin, heç bir deputatın arxasında gizlənmədik. Halbuki, biz də hansısa deputatlardan xahiş edə bilərdik ki, siz bunu öz adınızdan verin. Ermənilər isə buna gediblər. Amma bunun da heç bir uğuru olmayıbdır. Sadəcə olaraq, mən təəssüflənirəm. Çünki bilirsiniz ki, İtaliya ilə Azərbaycan arasında münasibətlər çox sürətlə inkişaf edir. Çox gözəl iqtisadi əməkdaşlığımız var. İtaliyanın şirkətləri Azərbaycanda böyük işlər görür. Xüsusilə neft sektorunda.
Əlbəttə, İtaliyadan olan deputatların belə bir məsuliyyətsiz hərəkətləri iki ölkə arasında olan həm iqtisadi, həm də siyasi məsələlərə, yəni yaxınlaşmağa xidmət etməyəcəkdir. Bu barədə bizim buradakı səfirimiz İtaliyanın səfiri ilə də söhbətlər aparıbdır.
Yəqin bilirsiniz ki, İtaliyanın buradakı səfiri cənab Aqo o adamdır ki, Azərbaycanda məhbuslarla bağlı monitorinq keçirir. Yəni deyə bilrəm ki, sizin fikriniz tam həqiqətdir. Ermənilər onların imkanı daxilində olan bütün mexanizmləri işə salmışdılar ki, burada onların istədiyi keçsin və bayaq qeyd etdiyim kimi, həm işğal olunmuş torpaqların adları, həm də Dağlıq Qarabağın adı göstərilməsin.
Amma onların bütün səyləri iflasa uğradı. Mən çox şadam. Azərbaycan nümayəndə heyətinin bu neçə gün ərzində apardığı çox gərgin fəaliyyətin nəticəsi, eyni zamanda artıq AŞPA-dakı deputatlarının da belə düzgün hərəkətləri bizi çox sevindirir.
Mən deyə bilərəm ki, biz Monitorinq Komitəsinin sədri xanım Drue ilə bir neçə gün ərzində bu məruzə və qətnamə üzərində birgə işləmişik və çox konstruktiv şəkildə işləmişik. Çox şadıq ki, bizim düzəlişlərimizin əksəriyyəti burada qəbul edilibdir. Azərbaycan nümayəndə heyəti tərəfindən 20-dən çox düzəliş verilmişdi və bu düzəlişlərin hamısı qəbul olunubdur. Orada elə məqamlar var ki, onları bir verilişdə açıqlamaq mümkün deyildir. Yəqin ki, onların hamısı mətbuatda dərc olunacaqdır və hər kəs görə biləcək ki, burada hər bir cümlə üzərində gərgin mübarizə aparılmışdır. Hər bir anlayış üzərində burada gərgin mübarizə aparılmışdır. Çünki bu məsələdə hər bir nöqtə, vergül böyük əhəmiyyət daşıyır. Mən çox şadam ki, nümayəndə heyətimizin bütün üzvləri bu işdə çox fəal iştirak ediblər və burada Azərbaycanı qane edən sənəd qəbul olunub, Avropa Şurasının rəsmi sənədi kimi təsdiq edilibdir.
SUAL: İlham müəllim, hər halda AŞPA-nın indiki payız sessiyası göstərdi ki, bu, bizim problemlərimizin dünya və Avropa miqyasında bir daha sadalanmasıdır, Azərbaycan haqqında yaranmış yanlış təsəvvürlərin dağıdılmasıdır və sair. Bu gün payız sessiyası sona yetmək üzrədir. Müzakirələrin gərginliyinə, ümumiyyətlə, dramatik vəziyyətlərin çoxluğuna baxmayaraq, sessiyanın yekunlarını, nəticələrini bütövlükdə necə qiymətləndirirsiniz?
CAVAB: Mən aparılan müzakirələri və Azərbaycana aid, eyni zamanda Ermənistana aid qəbul edilmiş qətnamələri çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu sənədlər Azərbaycanın xeyrinədir və onlarda çoxlu məqamlar var ki, yaxın gələcəkdə öz müsbət nəticəsini verəcəkdir.
Mən deyə bilərəm ki, burada həm müzakirələr, həm də siyasi qrupların, siyasi komitənin iclasları Azərbaycan üçün çox xoş məcrada aparılmışdır. Hamımız bir daha əmin olduq ki, Azərbaycana qarşı, ölkəmizin nümayəndə heyətinə qarşı Avropa Şurasının və deputatların münasibətləri çox xoşdur, çox yaxşıdır. Artıq burada bizim problemlərimiz bilinir. Bizim haqlı olmağımız burada artıq qəbul edilir. Eyni zamanda, burada görürlər ki, Azərbaycan demokratik inkişafda çox böyük uğurlar əldə edibdir. Azərbaycanda bütün insan haqları qorunur. Bir sözlə, Azərbaycan Avropa Şurasının çox dəyərli bir üzvünə çevrilir.
Mən deyə bilərəm ki, bu sessiyadan qabaq bəzi mətbuat orqanlarında sessiya haqqında çox yanlış fikirlər söyləmişdilər, yanlış rəylər deyilmişdi. Hətta müxalifət mətbuatı böyük sevinclə yazırdı ki, Azərbaycana qarşı hansısa sanksiyalar tətbiq ediləcəkdir.
Mən deyə bilərəm ki, o vaxt da buna əhəmiyyət vermirdim. Çünki bilirdim ki, bu, onların növbəti yalanıdır. Bu gün müxalifətin o yalan informasiyaları ilə bağlı bir jurnalist mənə müraciət etdi. Mən ona dedim ki, onlar qəzet əvəzinə “Yalan kitabçası”nı buraxsınlar, bu daha düzgün olar. Yəni deyə bilərəm ki, burada Azərbaycana qarşı xoşagəlməz hansısa tədbirlərdən ümumiyyətlə söhbət getmir. Orada yalnız və yalnız son illər, xüsusilə ölkəmiz Avropa şurasına daxil olduqdan sonra keçən il yarım ərzində Azərbaycanda aparılmış siyasi islahatlar yüksək qiymətləndirilir. Bu, bir də onu göstərir ki, Avropa şurası Azərbaycanı çox dəyərli bir üzv kimi qəbul edir. Azərbaycan nümayəndə heyətinin burada apardığı işlər öz bəhrəsini verir.
Biz burada həm iclaslar zamanı, həm də fasilələrdə çoxlu görüşlər - ikitərəfli, üçtərəfli işgüzar görüşlər keçiririk. Hər bir görüşdə Azərbaycanda baş verən hadisələri, ölkəmiz haqqında həqiqətləri, bütün bu məsələləri deputatların nəzərinə çatdırmağa çalışırıq. Çünki biz Avropa şurası üçün gənc ölkəyik və deputatların bəziləri hələ ki, Azərbaycan haqqında kifayət qədər məlumat əldə etməyiblər. Məhz, bu məqsədlə dünən mən iqtisadiyyatla bağlı olan çıxışımda Azərbaycanda real iqtisadi vəziyyət haqqında çox yığcam şəkildə çıxış etdim. Bu çıxışla mən göstərdim ki, Azərbaycan iqtisadi cəhətdən çox sürətlə inkişaf edir. Deyə bilərəm ki, o müzakirələr dünyada son müddət ərzində yaşanan iqtisadi böhran məsələsinə aid idi və bu fonda Azərbaycan haqqında gətirdiyim rəqəmlər, həqiqi artımlar - ümumdaxili məhsulun artımı, digər iqtisadi göstəricilər əlbəttə ki, bütün deputatları heyran etdi. Onların bəziləri dedilər ki, biz təsəvvür edə bilməzdik ki, Azərbaycan belə inkişaf edir. Bununla nə demək istəyirəm? Azərbaycan dinamik inkişaf edən bir ölkədir. Azərbaycanda iqtisadiyyat inkişaf edir. Ölkəmizdə demokratiya, plüralizm inkişaf edir. Əlbəttə ki, Azərbaycanın Avropa Şurasının üzvü olması bu işdə bizə böyük dəstəkdir, yardımdır. Biz buradan çox şeyləri götürürük, öyrənirik. Eyni zamanda, biz öz müsbət təcrübəmizi də burada yayırıq. Bu, ikitərəfli bir yoldur, əməkdaşlıqdır. Məhz, belə də olmalıdır. Bizim Avropa Şurası ilə olan münasibətlərimiz qarşılıqlı hörmət əsasında qurulmalıdır. Biz heç kimə imkan vermərik ki, burada Azərbaycanı əsassız yerə tənqid etsin, yaxudda çalışsın ki, Azərbaycan haqqında burada həqiqətə uyğun olmayan rəy formalaşdırsın. Biz buna imkan vermərik və bu məsələdə bizim mövqeyimiz çox qətidir. Bəzi hallarda bizim Avropa Şurasında olan gərgin münasibətlərimizin də səbəbi məhz bundadır. Yəni biz Azərbaycanın milli maraqlarına uyğun olmayan fikirlərə heç vaxt göz yuma bilmərik. Biz öz sözümüzü açıq deyirik. Çünki bizim üçün ilk növbədə Azərbaycanın milli maraqları önəmlidir, vacibdir. Bütün başqa şeylər ondan sonra vacibdir. Biz ona nail olduq ki, artıq burada Azərbaycana hörmətlə yanaşırlar, Azərbaycanın rəyi ilə hesablaşırlar. Artıq başa düşüblər ki, bizə “Yuxarıdan aşağı” baxmaq heç cür olmaz. Kimsə bizə qarşı münasibətdə özünü təkəbbürlü apara bilməz. Biz buna nail olmuşuq.
Azərbaycanla bağlı olan bugünkü müzakirələr, deyə bilərəm ki, ötən dəfəki müzakirələrdən bizim üçün qat-qat yaxşı, konstruktiv, qarşılıqlı hörmət şəraitində keçdi. Mən buna şadam və sevinirəm. Biz istəməzdik ki, burada hansısa gərginlik yaransın. Biz bunun tərəfdarı deyilik. Biz istəyirik ki, əməkdaşlıq olsun. Amma bu əməkdaşlıqda hər iki tərəf eyni səviyyədə olsun. Çox şadam ki, biz buna nail oluruq. Əminəm ki, bundan sonra da Azərbaycanla bağlı monitorinqdə bu məsələlər öz əksini tapacaqdır.
Mən sizə bir şey də deyə bilərəm. Hesab edirəm ki, əgər biz Avropa Şurası ilə aramızda olan müəyyən gərgin məqamlarda öz iradəmizi göstərməsəydik, öz sözümüzü kəskin şəkildə deməsəydik bəlkə də bu gün Azərbaycana aid məsələ bizim üçün daha da çətin ola bilərdi. Çünki biz bütün qurumlara, o cümlədən məruzəçilərə açıq-aydın bildirdik ki, biz öz mövqeyimizdən çəkinməyəcəyik. Azərbaycanın milli maraqları var, Azərbaycanın müqəddəratı var, ölkəmizin bu günü və gələcəyi var. Bizim üçün ən önəmli, ən ümdə məsələ budur. Ona görə də bu məqsədlərə nail olmaq, Azərbaycanı inkişaf etmiş, çiçəklənən, zəngin bir dövlətə çevirmək üçün bizim hamımız çalışmalıyıq. Hamımızın birinci amalı bu olmalıdır.
Əlbəttə ki, Avropa Şurası ilə olan münasibətlər Azərbaycan üçün vacibdir. Bayaq qeyd etdiyim kimi, bu, həm siyasi baxımdan, həm də Azərbaycanın Avropa strukturlarına daha geniş şəkildə inteqrasiyası baxımından önəmlidir. İlyarımdır ki, biz Avropa şurasının üzvüyük. Mən sizə deyə bilərəm ki, artıq burada bizimlə hesablaşırlar və bizə hörmət edirlər. Biz bu hörməti qazanmışıq. Biz də Avropa şurasının qurumlarına, deputatlarına eyni səviyyədə, hörmətlə yanaşırıq. Məhz bu ikitərəfli, bərabər səviyyəli əməkdaşlığın nəticəsində biz irəliyə doğru addımlar ata bilərik.
MÜXBİR: Ilham müəllim, çox sağ olun. Biz sizə təşəkkür edirik ki, bizimlə canlı bağlantıda oldunuz və bu gün Avropa şurası Parlament Assambleyasında baş verən əsas hadisələrlə, müzakirələrlə bağlı öz təəssüratınızı bizimlə bölüşdünüz. Sizə təşəkkür edirik. Sizə və bizim oradakı parlament qrupunun üzvlərinə uğurlar arzulayırıq. Sağ olun.
İLHAM ƏLİYEV: Sağ olun.