Azərbaycan Prezidenti amerikalı həmkarını milli bayram münasibətilə təbrik edib
Bakı, 3 iyul, AZƏRTAC
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident Donald Trampa təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, məktubda dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və tərəfdaşlıq münasibətlərinin birləşdirdiyini vurğulayıb. Bildirib ki, regional çağırışlara və terrorizmə qarşı mübarizədə, təhlükəsizlik məsələlərində, eləcə də iqtisadi sahədə ölkələrimiz yaxından və səmərəli əməkdaşlıq edirlər.
Azərbaycan Prezidenti qeyd edib ki, enerji sahəsindəki əməkdaşlığımız xüsusilə əhəmiyyətlidir. Enerji mənbələrinin və nəqlinin şaxələndirilməsinə xidmət edən neft-qaz layihələrimizin Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsi məmnunluq doğurur. Bu yaxınlarda istismara verdiyimiz Cənub Qaz Dəhlizi isə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir.
“Bununla yanaşı, ölkəmizin qarşılaşdığı ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamışdır. Biz Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunacağı, qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacağı günü səbirsizliklə gözləyirik. Buna görə də münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik”, - deyə dövlətimizin başçısı məktubda qeyd edib.
Prezident İlham Əliyev Prezident Donald Trampa ən xoş arzularını yetirib, möhkəm cansağlığı, işlərində uğurlar, dost Amerika xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.