AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV BMT-NİN İNKİŞAF PROQRAMININ RƏHBƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Heydər Əliyev BMT, onun İnkişaf Proqramı tərəfindən azərbaycanlı qaçqınlara göstərilən yardıma, respublikamızda islahatların keçirilməsini dəstəkləməyə yönəldilmiş səylərə görə cənab Spetə xüsusi minnətdarlığını bildirdi.
Azərbaycan Prezidenti ilə görüşməkdəın çox məmnun olduğunu söyləyən cənab Spet dedi ki, müstəqil Azərbaycan Respublikası ilə BMT və onun ixtisaslaşdırılmış strukturları arasında möhkəmlənməkdə olan əlaqələri diqqətlə izləyir və bunların genişləndirilməsinə çalışır. O xatırlatdı ki, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin genişləndirilməsi və fəaliyyətinin gücləndirilməsi planları barədə Prezident Heydər Əliyevə məlumat vermişdir. Cənab Spet qeyd etdi ki, BMT-nin İnkişaf Proqramı beynəlxalq birliyin bir çox digər strukturları, habelə Beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İttifaqı və başqa beynəlxalq təşkilatlarla birgə işləyərək, Azərbaycanın zəngin potensialına əsaslanmaqla, ölkədə çevik islahatlar aparılması, özəlləşdirmə proqramının tamamilə həyata keçirilməsi, müasir maliyyə və kredit təsisatlarının yaradılması, Azərbaycanda bank sisteminin inkişaf etdirilməsi və bütün digər sahələrdə proqramların və islahatların reallaşdırılmasına maraq göstərir. O həmçinin dedi ki, ölkənizdə azad iqtisadi zonaların yaradılmasına dair YUNİDO-nun və başqa beynəlxalq təşkilatların dəstəklədikləri layihələrin həyata keçirilməsində də Azərbaycana kömək göstəriləcəkdir. Cənab Spet onu da qeyd etdi ki, Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi üçün özəl bölmə sərmayələrinin respublikaya cəlb olummasının əhəmiyyəti böyükdür. O, bu baxımdan keçən il beynəlxalq konsorsium ilə bağlanmış müqavilənin yaxşı zəmin olduğunu və mühüm rol oynaya biləcəyini vurğuladı. Cənab Spet dedi ki, bununla əlaqədar xarici investisiyaların qorunmasına dair qanunvericilik aktlarının qəbul edilməsinin və təkmilləşdirilməsinin böyük əhəmiyyəti vardır.
Azərbaycan Prezidenti Heydər Əliyev respublikamızda indiki vəziyyət barədə cənab Spetə ətraflı məlumat verdi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan qonşu Ermənistan tərəfindən işğala məruz qalmışdır, ölkəmizin bir milyondan çox vətəndaşı yurdundan didərgin düşərək ağır vəziyyətdə yaşayır. Heydər Əliyev Azərbaycan qaçqınlarına göstərilən humanitar yardımlara görə cənab Spetə bir daha minnətdarlığını bildirdi. Prezident dedi ki, Azərbaycanın belə vəziyyəti ölkədə islahatların aparılmasına mane olur. Heydər Əliyev hazırda ölkəmizin qarşısında böyük vəzifələr durduğunu - tezliklə müstəqil Azərbaycanda demokratik prinsiplərlə ilk parlament seçkiləri keçiriləcəyini, respublikanın ilk demokratik konstitusiyasının qəbul olunacağını bildirərək qeyd etdi ki, bunlar gələcəkdə islahatların sürətlə aparılmasında mühüm rol oynayacaqdır.
Prezident Heydər Əliyev ümidvar olduğunu söylədi ki, Azərbaycan ilə BMT-nin ixtisaslaşdırılmış strukturları, o cümlədən İnkişaf Proqramı arasında əlaqələr daha da genişlənəcəkdir.
Heydər Əliyev cənab Speti Azərbaycana rəsmi səfərə dəvət etdi.