AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ESTONİYA PREZİDENTİ LENNART MERİ İLƏ GÖRÜŞMÜŞDÜR
Mehribanlıq və dostluq şəraitində keçən görüş Azərbaycanla Estoniya arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi ilə başlandı. Tərəflər bu sahədə hər iki ölkədə geniş imkanlar olduğunu xüsusi qeyd etdilər və bildirdilər ki, bir sıra sahələrdə birbaşa əlaqələr qurulmasına, bu işin canlandırılmasına ciddi ehtiyac vardır.
Cənab Meri Azərbaycan neftinin ixracı məsələsinə Estoniyanın da böyük maraq göstərdiyini vurğuladı. Prezident Heydər Əliyev dedi ki, respublikamız Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsi barədə xarici ölkələrin çox nüfuzlu neft şirkətləri ilə müqavilə bağlamış və bu müqavilənin həyata keçirilməsi sahəsində xeyli iş görülmüşdür. Dövlətimizin başçısı bildirdi ki, ötən ildən fəaliyyətə başlayan konsorsium ilkin neft kəmərlərinin Rusiya və Gürcüstan ərazilərindən keçməsi barədə qərar qəbul etmişdir. Respublikamızın rəhbəri dedi ki, yaxın gələcəkdə digər neft kəmərlərinin çəkilməsinə də ehtiyac olacaq və bu sahədə əlavə müzakirələr aparılacaqdır.
Lennart Meri Estoniyanın Qərb ölkələri və NATO ilə əlaqələrinin hazırkı vəziyyəti və bu münasibətlərin nizamlanması istiqamətində görülmüş işlər barədə Azərbaycan Prezidentinə ətraflı məlumat verdi.
Görüşdə yeni müstəqil dövlətlərin qarşılaşdığı problemlərin təhlilinə də geniş yer ayrıldı və bütün bunların bazar iqtisadiyyatına keçid dövrünün xarakterinə uyğun olduğu qeyd edildi.
Görüşdə Ermənistanın Azərbaycana təcavüzü mövzusunda da söhbət açıldı və bu münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan işlərdən bəhs olundu.
Lennart Meri Azərbaycan Prezidentini Estoniyaya rəsmi səfərə dəvət etdi. Heydər Əliyev də Estoniya dövlətinin başçısını Azərbaycana rəsmi səfərə dəvət etdi.