AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV İNDONEZİYA PREZİDENTİ SUXARTO İLƏ GÖRÜŞMÜŞDÜR
Dost ölkənin dövlət başçısı ilə bir daha görüşməsindən xoşhal olduğunu söyləyən Prezident Heydər Əliyev dedi: İndoneziyanın mərhum Prezidenti Sukarno vaxtilə Azərbaycanda olmuş və o zaman mən Sovetlər İttifaqının tərkibindəki respublikanın rəhbəri kimi onu qonaqpərvərliklə qarşılamışdım. Heydər Əliyev cənab Suxartonun da Azərbaycana rəsmi səfər etməsini arzuladığını söylədi və bildirdi ki, onu ölkəmizə dəvət edir.
Şəxsi dostu ilə yenidən görüşməsindən razı qaldığını bildirən cənab Suxarto dedi ki, dəvəti məmnuniyyətlə qəbul edir. Eyni zamanda o bildirdi ki, ölkələrimiz arasında münasibətlərin inkişafına təkan vermək üçün əvvəlcə Prezident Heydər Əliyevin İndoneziyaya gəlməsini arzulayırıq. Bununla yanaşı, o dedi ki, dövlət başçılarının qarşılıqlı səfərlərindən əvvəl işçi qruplarının yaradılması və əməkdaşlığı inkişaf etdirməyin konkret yolları barədə onların təkliflər hazırlaması səmərəli olardı.
Azərbaycan Prezidenti dedi ki, İndoneziya çox maraqlı ölkədir. Biz məsafəcə bir-birimizdən uzaq olsaq da, xalqlarımız arasında könül yaxınlığı var. Heydər Əliyev Azərbaycanın haqq işini müdafiə etdiklərinə, Ermənistanın ölkəmizə qarşı təcavüzünü pisləyən beynəlxalq sənədlərə daim tərəfdar çıxdıqlarına görə cənab Suxartoya, İndoneziya hökumətinə Azərbaycan xalqı adından minnətdarlığını bildirdi. O dedi: Ümumiyyətlə beynəlxalq təşkilatlar çərçivəsində dövlətlərimiz arasında əməkdaşlıq mövcuddur və bu, mühüm məsələlərin müzakirəsi zamanı eyni platformadan çıxış etməyə imkan verir.
Prezident Suxarto da qeyd etdi ki, Azərbaycan İndoneziyanın dostudur. Sizin müsəlman ölkənizin inkişafı, oradakı qardaş və bacılarımızın yaşayışının yaxşılaşdırılması üçün iqtisadi əlaqələrimizi da genişləndirməliyik.
Dövlət başçıları qarşılıqlı maraq doğuran digər məsələlərdən də danışdılar.