AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV İSRAİLİN BAŞ NAZİRİ İSHAK RABİN İLƏ GÖRÜŞMÜŞDÜR
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə Baş nazir İsrailin yeni müstəqillik qazanmış ölkələrlə, o cümlədən Azərbaycanla sıx əlaqələr qurmağa maraq göstərdiyini xüsusi vurğuladı. O, Azərbaycanla İsrail arasında yaranmış əməkdaşlıqdan razılıqla söhbət açaraq ümidvar olduğunu bildirdi ki, bu əlaqələr daha da inkişaf edəcəkdir. İshak Rabinin fikrincə, ölkələrimiz arasında hər iki dövlətin mənafeyinə uyğun olan yeni əməkdaşlıq imkanları axtarılıb tapılmalıdır.
Daha son Baş nazir İsrail-Fələstin sülh danışıqları barədə Azərbaycan Prezidentinə geniş məlumat verdi.
Müsahibini diqqətlə dinləyən Prezident Heydər Əliyev Azərbaycanın bir çox sahələrdə İsraillə əməkdaşlıq etmək istədiyini bildirdi. Sonra dövlətimizin başçısı Ermənistanın Azərbaycana təcavüzündən, torpaqlarımızın 20 faizinin işğal altında olmasından, bir milyondan çox insanın öz doğma yurdundan zorla qovulmasından və onların hazırda ağır şəraitdə yaşamasından bəhs etdi.
İqtisadi çətinliklərin aradan qaldırılması istiqamətində Azərbaycanda həyata keçirilən tədbirdlərdən danışan Prezident Heydər Əliyev dedi ki, ölkəmizə investisiyalar qoymaq istəyən hər bir dövlət, şirkət, iş adamı üçün Azərbaycanın qapıları açıqdır və biz belə əməkdaşlığa xüsusi diqqət yetiririk.
Respublikamızın rəhbəri Azərbaycanda hüquqi demokratik dövlət quruculuğu yolunda görülən işlərdən və yeni demokratik parlament seçkilərinə, yeni konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbuluna hazırlıqdan da söhbət açdı.
Görüşdə hər iki ölkəni maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.
İshak Rabin Azərbaycan Prezidentinin İsrailə səfərini səbirsizliklə gözlədiklərini vurğuladı. Heydər Əliyev də İshak Rabini Azərbaycana səfərə dəvət etdi.