AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV KRALİÇA-ANA ELİZABETİN XATİRƏSİNİ YAD ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev aprelin 5-də Böyük Britaniyanın Bakıdakı səfirinin iqamətgahına gedərək, Kraliça - ana Elizabetin xatirəsini yad etmişdir.
Dövlətimizin başçısı Heydər Əliyev başsağlığı kitabına ürək sözlərini yazdı:
“ Kraliça-ana Elizabetin vəfatı münasibətilə Böyük Britaniya Krallığına, xalqına dərin hüznlə başsağlığı verirəm.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
5 aprel 2002-ci il”.
Sonra Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV Böyük Britaniya səfirinə bir daha başsağlığı verərək dedi:
- Mən bilirəm ki, Kraliça-ana Elizabetin vəfatı sizin ölkənizə, xalqınıza böyük, dərin kədər, qüssə və qəm gətiribdir. Mən sizin xalqın, Krallığın bu kədərinə qoşuluram və dərin hüznlə başsağlığı verirəm.
Böyük Britaniyanın ölkəmizdəki səfiri ENDRYÜ TAKER Azərbaycan Prezidentinə minnətdarlığını bildirərək dedi:
- Cənab Prezident, Siz bu gün mənim evimə gəlməklə bizə böyük hörmət göstərmiş oldunuz. Mən bundan qürur duyuram. Bu kitabda yazdığınız sözlərlə bütün Britaniya xalqına öz rəğbətinizi göstərdiniz.
Əlbəttə, Kraliça-ananın vəfatı bütün Britaniya xalqı üçün çox böyük kədərli hadisə olmuşdur. Lakin hesab edirəm ki, Sizin bu sözləriniz onun ruhunun rahat olmasına xidmət edəcəkdir.
Biz kədərli bir gündə görüşürük. Lakin ümid edirəm ki, biz daha xoş dəqiqələrdə bir yerdə olacağıq.
Foto Oqtay Aydınoğlunundur