AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV QAZAXISTAN SƏFİRİNİ QƏBUL ETMİŞDİR
Prezidenti Heydər Əliyev mayın 25-də Prezident sarayında Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rəşid İbrayevi diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul etmişdir.
Səfir ölkəmizin dövlət bayramı - Respublika günü münasibətilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təbrik məktubunu Azərbaycan dövlətinin başçısına təqdim etdi. Prezident Heydər Əliyev məktuba görə təşəkkürünü Prezident Nursultan Nazarbayevə yetirməyi səfirdən xahiş etdi.
Rəşid İbrayev Azərbaycanda dörd illik fəaliyyətinə yekun vuraraq, ölkələrimiz arasında münasibətlərin inkişaf səviyyəsi barədə məlumat verdi. O vurğuladı ki, bu münasibətlərin bünövrəsini prezidentlər Nursultan Nazarbayev və Heydər Əliyev öz rəsmi səfərləri zamanı qoymuşlar. İndiyədək 69 dövlətlərarası saziş imzalanmış, baş nazirlərin qarşılıqlı səfərləri olmuş, hökumətlərarası iqtisadi komissiyanın iclasları keçirilmişdir. Səfir dedi ki, Qazaxıstan ilə Azərbaycan arasında qardaşlıq, dostluq münasibətləri mövcuddur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Qazaxıstanın mövqeyi dəyişməzdir - o, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu məsələnin dincliklə həllinə tərəfdardır. Ölkələrimizin diplomatları arasında da yaxşı qarşılıqlı əlaqələr yaranmışdır və onlar müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləyirlər. Diplomat Asiyada etimad tədbirlərinə dair iyunun 3-5-də Qazaxıstanda beynəlxalq müşavirə keçirilməsi barədə onun ölkəsinin təşəbbüsünü dəstəklədiyinə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirdi.
İkitərəfli əlaqələrin inkişafının əsas istiqamətinin TRASEKA çərçivəsində əməkdaşlıqla bağlı olduğunu vurğulayan səfir dedi ki, bu marşrutda əsas məntəqələrdən biri olan Aktau limanı tam gücü ilə işləyir. Azərbaycanın “Azərkörpü” şirkətinin köməyi ilə bərə terminalının tikilməsinin limanın fəaliyyətinin gücləndirilməsinə böyük köməyi olmuşdur.
Səfir bildirdi ki, 2001-ci ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi 100 milyon dollar olmuşdur və onu artırmaq üçün yaxşı perspektivlər var. Neftin nəqli sahəsində “Azpetrol” şirkəti ilə Qazaxıstanın neft şirkətləri arasında möhkəm əlaqələr yaradılmışdır. 1996-cı ildən bəri Azərbaycan vasitəsilə nəql edilən Qazaxıstan neftinin həcmi 13 milyon tondan artıqdır. Hazırda Qazaxıstan ekspertləri Bakı-Ceyhan boru kəməri layihəsinə qoşulmaq imkanlarını öyrənmək üçün “Kaşaqan” yatağındakı neftin həcmini müəyyənləşdirirlər. TRASEKA marşrutu ilə Azərbaycana taxıl, Qazaxıstana isə meyvə-tərəvəz məhsulu, neft avadanlığı göndərilir. Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi Qazaxıstana ixrac üçün məhsulların siyahısını hazırlamışdır. İndi Qazaxıstan tərəfi bu siyahını nəzərdən keçirir. Müntəzəm hava əlaqəsi yaradılmış, Azərbaycandan Qazaxıstana fibro-optik kabel çəkilişinə başlanmışdır.
Daha sonra humanitar sahədə əlaqələrdən də söhbət açan səfir ötən illərdə diplomatik missiyasının həyata keçirilməsində ona göstərilən köməyə görə Azərbaycan rəhbərinə və ölkəmizin bütün dövlət strukturlarına minnətdarlığını bildirdi.
Prezident Heydər Əliyev səfirin fəaliyyətini yüksək qiymətləndirərək dedi ki, Azərbaycan ilə Qazaxıstan arasında problem yoxdur. Birgə əlaqələrin əsasını Azərbaycan və qazax xalqlarının dostluğu, iki prezidentin dostluğu təşkil edir. Dövlətimizin başçısı bəyan etdi ki, müstəqillik dövründə ölkələrimiz arasında yaranmış və beynəlxalq təşkilatlarda, MDB-nin iclaslarında əməkdaşlıqda, dövlətlərarası məsələlərin həllində öz təzahürünü tapan münasibətlərini yüksək qiymətləndirir. Qazaxıstan-Azərbaycan əlaqələri saf və təmənnasız dostluğa və qarşılıqlı surətdə faydalı əməkdaşlığa nümunə ola bilər. Prezident Heydər Əliyev dedi: “Qazaxıstanın iqtisaqiyyat və demokratiyanın inkişafında, mıüstəqilliyin möhkəmlənməsində əldə etdiyi uğurları məni sevindirir”. Respublikamızın rəhbəri onun salamını və xoş arzularını Prezident Nursultan Nazarbayevə yetirməyi xahiş etdi.
Azərbaycan Prezidenti Heydər Əliyev səfirin ölkələrimiz arasında əlaqələrin inkiaşfına öz töhfəsini verdiyini vurğuladı və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzuladı.
Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İştirak edirdilər.
Foto Oqtay Aydınoğlunundur