AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV SƏUDİYYƏ ƏRƏBİSTANI BAŞ NAZİRİNİN MÜAVİNİ İLƏ GÖRÜŞMÜŞDÜR
Baş nazir müavini ölkəsinin məliki, iki müqəddəs şəhərin xadimi Fəhd Əbdül Əziz əl-Səudun dostluq və qardaşlıq salamını Prezident Heydər Əliyevə çatdıraraq dedi ki, Səudiyyə Ərəbistanı Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə, ölkələrimiz arasındakı münasibətlərin daha da sıxlaşdırılmasına böyük maraq göstərir.
Dövlətimizin başçısı Səudiyyə Ərəbistanına səfərini, dinimizin müqəddəs yerlərini ziyarət etməsini və Ciddədə, Məkkədə, Mədinədə keçirdiyi görüşləri həmişə böyük məmnuniyyətlə xatırladığını bildirdi. Prezident Heydər Əliyev dedi ki, Azərbaycan da Səudiyyə Ərəbistanı ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verir və bu əlaqələrin möhkəmlənməsinə çalışır. Qarşılıqlı surətdə faydalı əlaqələr qurmaq üçün Səudiyyə Ərəbistanından Azərbaycana gələn nümayəndə heyətləri ilə görüşlərə həmişə xüsusi vaxt ayırdığını vurğulayan respublikamızın rəhbəri dedi ki, biz münasibətlərin daha da canlanması üçün mühüm addımlar atmalıyıq.
Görüşdə hər iki ölkəni maraqlandıran bir sıra məsələlər barədə də söhbət aparıldı, iri müəssisələr, ayrı-ayrı şirkətlər, iş adamları arasında birbaşa əlaqələr qurulmasının vacibliyinə toxunuldu.