AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BEYNƏLXALQ MALİYYƏ KORPORASİYASININ RƏHBƏRİ İLƏ GÖRÜŞÜ
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev fevralın 24-də Vaşinqtonda, onun üçün ayrılmış iqamətgahda Beynəlxalq Maliyyə Korporasiyasının rəhbəri Piter Uoykeni qəbul etmişdir.
Dövlətimizin başçısı Korporasiyanın rəhbərini səmimiyyətlə salamlayaraq, bu görüşü yüksək qiymətləndirdiyini, Azərbaycan nümayəndə heyətinin cənab Uoyke ilə görüşü barədə məlumatı olduğunu söylədi və belə mühüm söhbətlərə ehtiyac duyulduğunu vurğuladı.
Prezident Heydər Əliyevin Vaşinqtona səfərini yüksək dəyərləndirən, onunla görüşmək imkanına görə dərin minnətdarlığını bildirən Beynəlxalq Maliyyə Korporasiyasının rəhbəri Piter Uoyke dedi ki, cənab Prezident, Siz ölkənizdə özəl sektora böyük diqqət yetirirsiniz. Biz respublikanızda iqtisadiyyatın qeyri-dövlət bölməsinin inkişaf etdirilməsinə göstərilən qayğıdan məmnunluq duyuruq.
Azərbaycan Prezidenti “Şərq-Qərb enerji dəhlizi reallıqdır” mövzusunda konfrans barədə məlumat verdi və dedi ki, biz bəyan etdik, son illər görülən işlər nəticəsində artıq Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına başlanılıbdır. Güman edirik ki, bu çox vacib, Şərqlə Qərbi birləşdirən və Amerika Birləşmiş Ştatlarının siyasətinə cavab verən bir layihədir. Təbiidir ki, bunun maliyyələşməsi məsələsi də həll olunacaqdır. Biz bu barədə xeyli tədbirlər görmüşük. Siz bunları bilirsiniz.
Cənab Uoyke respublikamızın bu nüfuzlu maliyyə qurumu ilə əlaqələrinə geniş yer verdi, Azərbaycanın iştirak etdiyi iri layihələrin maliyyələşdirilməsində onun imkanlarından istifadə barədə fikir mübadiləsi aparılmasının əhəmiyyətli olduğunu söylədi. O dedi ki, cənab Prezident, aydındır ki, Azərbaycanın Qərblə birləşməsi üçün bu layihənin həyata keçməsi çox vacib bir amildir. Eyni zamanda, bu layihə üç ölkənin -Azərbaycanın, Gürcüstanın və Türkiyənin inteqrasiyası üçün də çox vacibdir, kəmərin keçəcəyi ölkələr üçün geniş iqtisadi imkanlar açır.
Korporasiyanın rəhbəri ötən gün Azərbaycan, Türkiyə və Gürcüstanın nümayəndələri, habelə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin rəhbəri ilə Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisinə dair maliyyə məsələləri barədə aparılan fikir mübadiləsi barədə də məlumat verdi və dedi ki, bizim əsas məqsədimiz təkcə neftin nəqlinə kömək etmək, kəmərin maliyyələşdirilməsi deyil, regionda həyata keçirilən digər layihələrdə də fəal iştirak etmək, eyni zamanda, bu ölkələrin iqtisadiyyatına yaxından fikir verməkdir. Bu, çox nəhəng, qlobal layihə olduğuna görə, ayrı-ayrı şəxslərin də, beynəlxalq qurumların da diqqətini çox cəlb edir.
Prezident Heydər Əliyev əsas ixrac boru kəmərinin tikintisinin maliyyələşdirilməsindən bir daha söhbət açdı, birgə həyata keçirilən bu layihənin ABŞ-ın milli maraqlarına uyğun işbirliyi olduğunu xatırlatdı.