RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN SƏHHƏTİ ÇOX YAXŞIDIR, ƏHVAL-RUHİYYƏSİ YÜKSƏKDİR
Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Məmməd Əliyev iyulun 12-də AZƏRTAC-ın xüsusi müxbirinə qısa müsahibə vermişdir. Səfir demişdir:- Mən Ankaranın Gülhanə Hərbi Tibb Akademiyasında müayinə olunan Azərbaycan Prezidenti Heydər Əliyev ilə hər gün görüşürəm. Müayinələr planlaşdırıldığı kimi aparılır. Dövlətimizin başçısının səhhəti olduqca yaxşıdır, əhval-ruhiyyəsi yüksəkdir. Prezident Heydər Əliyevi müayinə edən təcrübəli həkimlərin fikri belədir ki, indiyə qədər aparılan bütün tibbi müayinələrin nəticələri müsbətdir. Bildiyiniz kimi, Gülhanə Hərbi Tibb Akademiyası dünyanın ən müasir tibb avadanlığı ilə təchiz olunub. Buradakı həkimlər mütəmadi surətdə dünyanın müxtəlif səhiyyə mərkəzlərində təcrübə keçirlər. Akademiya yalnız Türkiyədə deyil, dünya tibb dairələrində də böyük nüfuza malikdir. Bir sözlə, burada hərtərəfli və dəqiq müayinə üçün bütün şərait mövcuddur. Azərbaycan Prezidenti Heydər Əliyevə dost və qardaş ölkədə böyük qayğı, hörmət və ehtiram göstərilir. Onun müayinəsinin müsbət nəticələri, səhhətinin yaxşı olması nəinki Azərbaycan xalqını, türk qardaşlarımızı da səmimi qəlbdən sevindirir. Azərbaycan Prezidenti yaxın günlərdə müayinəsini başa çatdırıb Vətənə qayıdacaqdır.