AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ-IN YƏHUDİ TƏŞKİLATLARININ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da, onun üçün ayrılmış iqamətgahda ABŞ-ın yəhudi təşkilatlarının nümayəndələri ilə görüşmüşdür.
Dövlətimizin başçısı yəhudi təşkilatlarının təmsilçiləri ilə yenidən görüşməkdən şad olduğunu bildirərək dedi ki, ABŞ-a səfərim uğurlu keçir, çox mühüm görüşlərim olubdur. Sizin çoxunuzla Bakıda da görüşmüşük, yaxşı əlaqələrimiz var. Azərbaycanı həmişə dəstəkləmisiniz və ona görə sizə minnətdaram.
Prezident İlham Əliyev bu təşkilatların ölkəmizlə yaxşı tanış olduğunu xatırladaraq dedi ki, Azərbaycanda insanlar bir-biri ilə əmin-amanlıq şəraitində yaşayırlar, tolerantlıq mövcuddur. Əminəm ki, Azərbaycan bütün insanların bir ailə kimi yaşadığı ölkə nümunəsi ola bilər. Azərbaycandakı yəhudi icması cəmiyyətimizdə, ölkənin inkişafında mühüm rol oynayır.
Görüş iştirakçıları adından çıxış edən keçmiş sovet respublikaları üzrə Yəhudi təşkilatının sədri Mark Levin Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfərini yüksək qiymətləndirdi və onun əhəmiyyətli olacağını vurğuladı. O dedi ki, biz Bakıda Dünya azərbaycanlılarının II qurultayında iştirak etmişik və oradan çox yaxşı təəssüratla qayıtmışıq. Bizə böyük qonaqpərvərlik göstərilmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı.