AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BİLƏSUVAR RAYONUNDA OLMUŞDUR
Dövlətimizin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Biləsuvar şəhərində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Prezident İlham Əliyev və xanımı sonra Heydər Əliyev muzeyi ilə yaxından tanış oldular, xalqımızın ümummilli liderinin həyat və fəaliyyətini əks etdirən fotostendlərə baxdılar.
Muzeylə tanışlıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Biləsuvar rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşü oldu. Buraya toplaşmış minlərlə insan dövlətimizin başçısını və xanımını böyük hörmət və ehtiramla, alqışlarla qarşıladı. Sakinlərin əllərində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri, Azərbaycanın dövlət bayraqları, Prezidenti salamlayan şüarlar və ümummilli liderin müdrik kəlamları yazılmış transparantlar var idi.
Görüşü Rayon Ağsaqqallar Şurasının sədri Xosrov Əsgərov açaraq dedi ki, hörmətli Prezidentimiz, Sizi rayonumuza gəlişiniz münasibətilə Biləsuvar camaatı və buraya toplaşanlar adından salamlayır, Sizə cansağlığı, uzun ömür arzulayırıq. Siz belə isti günlərdə respublikamızın bütün rayonlarına səfər edirsiniz. Xalqın qayğısına qalıb buraya gəldiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Dövlətimizin başçısı görüşdə nitq söylədi.