AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QAZAXISTAN XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ NURLAN ONJANOVU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Prezident sarayında Qazaxıstan xarici işlər nazirinin müavini Nurlan Onjanovu qəbul etmişdir.
Cənab Onjanov Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycan Prezidenti İlham Əliyevə bu il iyunun 17-də Almatı şəhərində keçiriləcək Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə II zirvə görüşünə dəvətini çatdırdı.
Dəvətə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Prezident Nursultan Nazarbayevin ötən il Azərbaycana səfərini, onunla keçirdiyi görüşləri, apardığı danışıqları məmnunluqla xatırladı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanla Qazaxıstan arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir, birgə planlar həyata keçirilir.
Azərbaycan və Qazaxıstanın strateji tərəfdaşlar olduğunu söyləyən Nurlan Onjanov ölkələrimiz arasında iqtisadi əlaqələrin səviyyəsini xüsusilə vurğulayaraq bildirdi ki, qarşılıqlı maraq doğuran layihələr məhz Azərbaycan Prezidentinin ardıcıl səyləri sayəsində öz həllini tapır və əməkdaşlığımız getdikcə möhkəmlənir.