AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏ MİLLİ TƏHLÜKƏSİZLİK TƏŞKİLATININ RƏİSİ EMRE TANERİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Prezident sarayında Türkiyə Respublikası Milli Təhlükəsizlik Təşkilatının rəisi Emre Taneri qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğuladı. Azərbaycan-Türkiyə əməkdaşlığının bütün region üçün əhəmiyyətli olduğunu bildirən Prezident İlham Əliyev həyata keçirilən qlobal enerji layihələrinin və mövcud nəqliyyat dəhlizlərinin ölkələrimizin önəmini daha da artırdığını qeyd etdi. O, iki ölkənin bütün qurumları arasında sıx əlaqələrin yaradılmasının vacibliyini vurğuladı və indiki səfərin təhlükəsizlik orqanları arasında əməkdaşlığın bundan sonra da inkişafına töhfə verəcəyinə əmin olduğunu bildirdi.
Emre Taner Türkiyə Respublikası Prezidentinin salamlarını Azərbaycanın dövlət başçısına çatdırdı. O, Türkiyə-Azərbaycan əlaqələrinin region üçün önəmini vurğuladı və qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyini bildirdi. Qonaq iki ölkənin təhlükəsizlik orqanları arasında anlaşmanın çox yüksək səviyyədə olduğunu qeyd etdi.
Prezident İlham Əliyev Türkiyə Respublikası Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı xahiş etdi.