RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
İlk növbədə, mən sizin hamınızı Azərbaycanda bir daha salamlamaq və Litva Respublikasının Prezidentinin ölkəmizə rəsmi səfərindən məmnunluğumu bildirmək istəyirəm. Biz müxtəlif məsələləri - ikitərəfli münasibətlərə və regional inkişafa aid məsələləri müzakirə etdik. Bütün məsələlərə yanaşmamızda və fikirlərimizdə uyğunluqları müşahidə etdik. Hesab edirik ki, hazırkı səfər siyasi, iqtisadi münasibətlərimizin uğurla inkişafı üçün çox güclü zəmin yaradacaqdır. Eyni zamanda, iqtisadi sahədəki əməkdaşlığımıza xüsusi əhəmiyyət veririk və əminəm ki, sabah keçiriləcək biznes forum çox uğurlu olacaq və birgə sazişlərin imzalanması ilə nəticələnəcəkdir. Biz eyni zamanda, Litvanı inteqrasiya siyasətimizdə vacib tərəfdaş kimi hesab edirik. Litva Avropa İttifaqının və NATO-nun üzvüdür və o, öz infrastrukturunu, siyasi və iqtisadi sistemini uğurla inkişaf etdirə bilmişdir. Ona görə də, bizim Avropaya inteqrasiya prosesimizdə sizin dəstəyiniz çox vacibdir. Biz bu dəstəyi hiss etdik və buna görə sizə çox minnətdarıq. Ümidvarıq ki, bu sahələrdə gələcək əməkdaşlığımızı davam etdirəcəyik.
Biz enerji təhlükəsizliyi və Xəzər dənizinin enerji daşıyıcılarının nəqli məsələlərini də müzakirə etdik. İndi ölkəmizin dünya bazarlarında mühüm enerji təchizatçısına çevrilməsini nəzərə alaraq, hesab edirik ki, enerji layihələrimiz bu əməkdaşlığın möhkəmləndirilməsinə yönəldilibdir.
Litvadan ölkəmizə gəlmiş çox böyük nümayəndə heyətini görməkdən olduqca şadıq. Bu nümayəndə heyətinə cənab Prezident rəhbərlik edir və əminik ki, onlar qarşılıqlı maraq doğuran məsələləri azərbaycanlı həmkarları ilə müzakirə edəcəklər.
Əfsuslar olsun, regionumuzda hələ ki, sülh yoxdur və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması normal inkişaf üçün ən başlıca maneədir. Mən cənab Prezidentə bu məsələdə Azərbaycanın mövqeyi ilə bağlı məlumat verdim. Bildirdim ki, bizim mövqeyimiz beynəlxalq hüququn normaları və prinsiplərinə əsaslanır və bunun əsasında ərazi bütövlüyümüz bərpa olunmalıdır.
Sabah daha çox görüşlər keçiriləcək və hesab edirəm ki, cənab Prezident və onun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin inkişafı, onun istəkləri və problemləri haqqında əhatəli məlumat əldə edə biləcəklər. Hesab edirəm ki, bütün bunlar ikitərəfli münasibətlərimizin inkişafı üçün çox mühüm təməl olacaqdır.
Biz eyni zamanda, səfirliklər açmağı planlaşdırırıq. Cari ildə Litvada Azərbaycan səfirliyinin açılması ikitərəfli münasibətlərimizin inkişafında mühüm bir elementə çevriləcəkdir. Ümumiyyətlə, siyasi, enerji, təhlükəsizlik, nəqliyyat və humanitar sahədəki əməkdaşlığımız daha yüksək səviyyəyə qaldırılmalıdır.
Cənab Prezident, bir daha Azərbaycanda Sizi salamlamaq istəyirəm və əminəm ki, səfəriniz uğurlu keçəcəkdir. Sağ olun.