RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ FRANSA PREZİDENTİ JAK ŞİRAKIN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Fransa Prezidenti Jak Şirakla görüşmək üçün Yelisey sarayına gəlmişdir.
Sarayın qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Fransa Prezidenti Jak Şirak Azərbaycan Prezidenti İlham Əliyevi sarayın önündə ehtiramla qarşıladı.
Sonra prezidentlərin təkbətək görüşü oldu.
Ölkəmizin milli bayramı - Respublika günü, habelə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə Prezident İlham Əliyevi təbrik edən Prezident Jak Şirak Parisdə Azərbaycan səfirliyinin yeni binasının açılmasının da mühüm hadisə olduğunu bildirdi.
Səmimilik və dostluq şəraitində keçən söhbət zamanı prezidentlər Azərbaycan ilə Fransa arasındakı hərtərəfli əlaqələrin inkişafını razılıq hissi ilə vurğuladılar.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunuldu, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Fransanın problemin sülh yolu ilə həlli məsələsində fəaliyyətindən bəhs olundu.
Fransaya əvvəlki səfərlərini xatırladan Prezident İlham Əliyev son zamanlar ölkələrimiz arasındakı əlaqələrin nəzərəçarpacaq dərəcədə inkişaf etdiyini vurğuladı.
Görüş başa çatdıqdan sonra Fransa Prezidenti Jak Şirak Azərbaycan Prezidenti İlham Əliyevi Yelisey sarayının qarşısında böyük hörmət və ehtiramla yola saldı.